İllərlə susdu, indi İsrail ordusunun iç üzünü açdı – Keçmiş qadın hərbçinin etirafları gündəm oldu

İsrail ordusunda xidmət etmiş keçmiş qadın hərbçi Ayelet Kroizer Qəzza və İordan çayının qərb sahilindəki hərbi əməliyyatlarla bağlı diqqətçəkən açıqlamalar verib. O, ordunun ictimaiyyətə təqdim etdiyi məlumatların manipulyasiya edildiyini, məsum fələstinlilərin belə “terrorçu” kimi təqdim olunduğunu iddia edib.

Referans Media xəbər verir ki, “Səssizliyi pozmaq” (Breaking the Silence) təşkilatının yeni sözçüsü olan Kroizer yaşadıqlarını X hesabında paylaşaraq İsrail ordusunda xidmət etdiyi dövrdə gördüklərini açıqlayıb.

“Ultraortodoks yəhudi ailəsində böyüdüyünü bildirən Kroizer üç il əvvəl hərbi xidmətdən azadolma hüququndan imtina edərək orduya qoşulduğunu deyib. Həmin vaxt ölkəsini müdafiə etdiyinə inandığını vurğulayan keçmiş hərbçi sonradan “Səssizliyi pozmaq” təşkilatında çalışacağını təsəvvür etmədiyini bildirib. Kroizer İsrail Ordusunun Mətbuat Xidmətində işlədiyi müddətdə Qəzza və İordan çayının qərb sahilindəki əməliyyatlarla bağlı məlumatların ictimaiyyətə necə təqdim olunduğunun şahidi olduğunu deyib.

Onun sözlərinə görə, qurum həqiqətləri çatdırmaqdan daha çox ictimai rəyə təsir göstərməyə çalışıb: “Ordunun sözçüsünün ictimaiyyətin reallıq haqqında təsəvvürünü nə dərəcədə idarə etdiyini və həqiqətləri necə manipulyasiya etdiyini gördüm. Onlar ictimaiyyət qarşısında məsuliyyətli qurum kimi deyil, sanki ictimaiyyətlə əlaqələr şirkəti kimi fəaliyyət göstərirlər”.

Keçmiş hərbçi mediaya təqdim edilən açıqlamaların hazırlanmasında şəxsən iştirak etdiyini bildirib. O, bəzi hallarda məsum fələstinlilərin də “terrorçu” kimi təqdim edildiyini iddia edib.

Kroizer həmin dövrdəki fəaliyyətini belə təsvir edib: “Xidmətdə olduğum müddətdə mediada yayımlanan məlumatları manipulyasiya etmişəm. ‘Terrorçu’ sözünün məsum fələstinlilərə də necə şamil edildiyini, açıqlamaların hədəf auditoriyaya və qarşıya qoyulan məqsədə uyğun necə dəyişdirildiyini gördüm. Haqsızlıq qarşısında heç vaxt susa bilməmişəm, amma burada özümü haqsızlığın ictimaiyyətə təqdimatını həyata keçirməyə məcbur olmuş vəziyyətdə tapdım”.

Kroizerin açıqlamasında Qəzzadakı hücumlar zamanı həlak olan mülki şəxslərlə bağlı məlumatların hazırlanması da xüsusi yer tutub. O, bir hücum nəticəsində onlarla insanın öldüyü hadisələr barədə açıqlamalar hazırladığını, daha sonra həmin mətnlərə mülki şəxslərin zərər görməsindən təəssüf ifadə edən standart cümlələrin əlavə edildiyini söyləyib. “Bir hücumda onlarla insanın ölümü barədə xəbərlər hazırlamağı, ardınca avtomatik olaraq ‘hadisələrdə iştirak etməyən mülki şəxslərin zərər görməsindən təəssüf edirik’ cümləsini əlavə etməyi öyrənmişdim. Bu, gündəlik işimin bir hissəsi idi”, – deyə o bildirib.

İsrail ordusundakı xidmətindən sonra “Səssizliyi pozmaq” təşkilatına qoşulan Kroizer keçmiş hərbçiləri də yaşadıqlarını danışmağa çağırıb.

O, açıqlamasını bu sözlərlə tamamlayıb: “Buna görə susmayacağam. Əgər siz də müharibə zamanı xidmət etmisinizsə, susmayın”.

Qeyd edək ki, “Səssizliyi pozmaq” İsrail ordusunda xidmət etmiş şəxslərin işğal olunmuş ərazilərdəki təcrübələrini ictimaiyyətə çatdıran qeyri-hökumət təşkilatıdır. Kroizerin açıqlamaları isə İsrail ordusunun əməliyyatlarla bağlı məlumatlandırma siyasəti və müharibə dövründə mülki şəxslərin taleyi ətrafında müzakirələri yenidən gündəmə gətirib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki