Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailəyə verilib. Onlardan 51-i qız, 40-ı oğlandır.
Bu barədə Referans Media-ya Agentlikdən məlumat verilib.
“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi ilə onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.
Himayədar ailələrə müvafiq sosial dəstək tədbirləri də həyata keçirilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat (əlilliyi olan uşağa görə 500 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi olan uşağa görə 600 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi olan uşağa görə 650 manat) aylıq müavinət ödənilir.
Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.
Son aylarda himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib. Nəticədə uşağın himayədar ailəyə keçidi prosesi üçün minimal müddət azalaraq 2 həftəyə enib. Himayədar ailə olmaq məqsədilə müraciət edən vətəndaşlar üçün təlimlərin onlayn formada keçirilməsi imkanı da yaradılıb.
