İsrail təhlükəsi Suriyanı hərəkətə gətirdi: Nazirliklər ölkənin müxtəlif bölgələrinə köçürülür

İsrailin Suriyanın cənubunda genişmiqyaslı quru əməliyyatına hazırlaşdığına dair iddialar Dəməşq rəhbərliyini dövlət idarəçiliyində ciddi dəyişikliklərə sövq edib. Mümkün hücumlara qarşı bir sıra nazirliklərin və strateji dövlət qurumlarının ölkənin müxtəlif bölgələrinə köçürülməsi planlaşdırılır.

Referans Media xəbər verir ki, bu çərçivədə ən azı üç nazirliyin Hələbə, Müdafiə Nazirliyinin isə Həmaya köçürülməsi istiqamətində hazırlıqlar aparılır. Mərkəzi Bankın, eləcə də neft, kənd təsərrüfatı, su və iqtisadiyyat sahələrində fəaliyyət göstərən strateji qurumların İdlib, Rəqqa, Deyr əz-Zor və Həsəkə bölgələrinə yerləşdirilməsi də nəzərdən keçirilir.

Məlumata əsasən, 2024-cü il dekabrın 8-də Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ölkənin cənubunda hərbi fəallığını artırıb. İsrail qüvvələrinin Qolan təpələrindəki bufer xəttini keçərək Kuneytra-Dəməşq-Dəraa istiqamətində irəlilədiyi və Suriya ərazisinə 1 232 hücum təşkil etdiyi bildirilir. Dəməşqdə danışan suriyalı təhlükəsizlik mənbələri İsrailin Dəməşq, Homs, Kuneytra və Dəraa istiqamətlərində quru və hava hücumları həyata keçirdiyini, hava dəstəkli genişmiqyaslı quru əməliyyatına hazırlaşdığını iddia ediblər.

Suriyalı hökumət rəsmisinin sözlərinə görə, mümkün İsrail hücumları zamanı dövlət strukturlarının fəaliyyətinin qorunması üçün yeni plan hazırlanır. Bu plana əsasən, dövlət idarəçiliyinin əsas mərkəzlərinin bir ərazidə cəmləşdirilməsi əvəzinə ölkənin müxtəlif bölgələrinə paylanması nəzərdə tutulur. Beləliklə, mümkün hava və quru hücumları zamanı siyasi, hərbi və iqtisadi idarəetmə sisteminin fəaliyyətini davam etdirməsi hədəflənir.

Suriyalı mənbələr İordaniya sərhədində son dövrlərdə müşahidə olunan hərbi fəallığın İsrailin bölgədəki addımları ilə əlaqəli qiymətləndirilməli olduğunu bildiriblər. İddialara görə, İsrailin mümkün əməliyyatı nəticəsində Kuneytra-Dəraa xəttindən köçmək məcburiyyətində qala biləcək azı 1 milyon insanla bağlı təhlükəsizlik tədbirləri də müzakirə olunur.

Məlumatda İsrailin mümkün quru əməliyyatında “Sofa 53” dəhlizinin mühüm rol oynaya biləcəyi iddia edilir. Bildirilir ki, İordaniya sərhədinə qədər uzandığı deyilən bu marşrut İsrailin Süveyda bölgəsindəki druz icmaları ilə quru əlaqəsi yaratmasına imkan verə bilər. Həmçinin İsrailin uzunmüddətli planının Qolan təpələri ilə Süveyda arasında boşaldılacaq ərazilərdə druz və yəhudi köçkünlərin yerləşdirilməsini nəzərdə tutduğu irəli sürülür. Mənbələr belə bir ssenarinin məcburi köç və etnik təmizləmə ilə nəticələnə biləcəyini iddia edirlər.

Məlumata görə, Əhməd əl-Şara rəhbərliyi İsrailin mümkün əməliyyat planları barədə məlumatlı olsa da, ölkənin hava hücumundan müdafiə imkanlarının məhdudluğu səbəbindən birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışır. İddialarda İsrail qüvvələrinin Dəməşqdən təxminən 25 kilometr məsafəyədək yaxınlaşdığı da qeyd olunur. Suriyanın dövlət qurumlarını ölkənin daxili bölgələrinə köçürmək planının əsas məqsədi mümkün müharibə şəraitində siyasi, hərbi və iqtisadi strukturların qorunmasıdır.

Dövlət qurumlarının Hələb, Həma, Həsəkə, Deyr əz-Zor, İdlib və Rəqqa istiqamətində yerləşdirilməsi planında Türkiyə amilinin də nəzərə alındığı bildirilir. Mənbələrin iddiasına görə, bu strategiya çərçivəsində Türkiyənin kəşfiyyat imkanlarından, eləcə də quru və hava qüvvələrindən yararlanmaq nəzərdə tutula bilər. Bununla yanaşı, Ankara ilə Dəməşq arasında mümkün İsrail əməliyyatlarına qarşı regional əməkdaşlıq məsələləri üzrə təmasların intensivləşdiyi qeyd olunur.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki