Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelində payı hələlik kritik həddə çatmasa da, artım tendensiyası narahatlıq doğurur. Ekspertlər hesab edirlər ki, problemli kreditlərin aylar və illər üzrə davamlı artması əhalinin gəlirlərinin kredit öhdəliklərini qarşılamaq baxımından kifayət etmədiyini göstərə bilər.
İqtisadçı Natiq Cəfərli Referans Media-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelindəki payı təhlükəli səviyyədə deyil. Lakin əsas narahatlıq doğuran məqam göstəricinin artım tendensiyasıdır.
Onun sözlərinə görə, beynəlxalq praktikada problemli kreditlərin ümumi kredit portfelində payının 3 faizi keçməsi ciddi risk siqnalı hesab olunur.
“Hazırda bizdə belə təhlükəli vəziyyət yoxdur. Təqribən 1,8-1,9 faizdir ümumi kredit portfelində problemli kreditlərin həcmi. Amma bizdə təhlükəli olan tendensiyadır. Demək olar ki, hər il, hər ay problemli kreditlərin həcmi artır”, – deyə iqtisadçı bildirib.
Natiq Cəfərli qeyd edib ki, problemli kreditlərin artması əhalinin gəlir səviyyəsi ilə kredit öhdəliklərini yerinə yetirmək imkanları arasında problemin yarandığını göstərir.
“Bu, ondan xəbər verir ki, əhalinin gəlir səviyyəsi və aldıqları kreditləri qaytarma intensivliyi azalır. Bu da çox ciddi problemdir”, – deyə o vurğulayıb.
İqtisadçının sözlərinə görə, bankların uzunmüddətli kreditlərdən daha çox istehlak kreditlərinə üstünlük verməsi də müəyyən risklər yaradır.
“İstehlak kreditləri problemə çevrilir. Çünki vətəndaş bir neçə istehlak krediti götürür, sonra onları qaytara bilmir. Bu da ciddi problemlərlə müşayiət olunur”, – deyə Cəfərli bildirib.
Ekspert problemli kreditlərin artmasının əsas səbəbləri sırasında kredit faizlərinin yüksək olmasını və əhalinin real gəlirlərinin əhəmiyyətli dərəcədə artmamasını göstərib.
Onun fikrincə, vətəndaşların gəlirləri kredit öhdəliklərinin artım tempinə uyğun yüksəlmədikcə, borcların qaytarılması ilə bağlı çətinliklərin dərinləşməsi mümkündür.
Beləliklə, problemli kreditlərin ümumi portfeldəki payı hazırda kritik həddən aşağı olsa da, davamlı artım tendensiyası bank sektoru və əhali üçün risklərin böyüdüyünü göstərən əsas siqnallardan biri olaraq qalır.
