Azərbaycanda dövlət ümumtəhsil məktəblərində hər şagirdə düşən illik təhsil xərclərinin məbləği müəyyənləşib. Nazirlər Kabinetinin qərarına əsasən, tam orta ümumtəhsil məktəblərində bir şagird üçün illik xərc 2000 manat, lisey və gimnaziyalarda isə 2200 manat təşkil edəcək. İnternat tipli təhsil müəssisələrində isə bu məbləğ 500-3000 manat arasında dəyişəcək. Şagird başına müəyyənləşdirilən bu vəsaitin hansı xərcləri əhatə etdiyi, məktəblərin maliyyələşdirilməsində hansı dəyişikliklərə səbəb olacağı və ayrılan vəsaitin yalnız müəllimlərin əməkhaqlarına yönəldilib-yönəldilməyəcəyi maraq doğurur.
Referans Media-ya açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, adambaşına maliyyələşmə tədris mərhələləri və müvafiq normativ hüquqi aktlar nəzərə alınmaqla müəyyənləşdirilib. Onun sözlərinə görə, yeni yanaşma məktəblərin ehtiyaclarının daha fərqli şəkildə qiymətləndirilməsinə imkan verəcək.
“Əslində, bu məsələnin iqtisadi tərəfi daha çox iqtisadçıların şərh etməli olduğu mövzudur. Ancaq təhsil baxımından yanaşdıqda qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərində adambaşına maliyyələşmə tədrisin mərhələləri üzrə müəyyənləşdirilib. Burada ibtidai, ümumi orta və tam orta təhsil pillələri nəzərə alınaraq, müvafiq normativ hüquqi aktlara uyğun qiymətləndirmə aparılıb. Nəticədə, ümumtəhsil məktəblərində hər şagird üçün illik 2000 manat, lisey və gimnaziyalarda isə müvafiq qaydada müəyyənləşdirilmiş daha yüksək məbləğ nəzərdə tutulub. Burada əsas məqam maliyyələşmənin şagirdlərin sayına və təhsil müəssisəsinin xüsusiyyətlərinə uyğunlaşdırılmasıdır”, – deyə ekspert bildirib.
M.Məmmədli qeyd edib ki, şagird başına ayrılan vəsaitin yalnız müəllimlərin əməkhaqlarına əlavələr üçün nəzərdə tutulması barədə fikirlər düzgün yanaşma deyil. Onun sözlərinə görə, maliyyələşmə məktəbin ümumi ehtiyaclarını qarşılamaq, təhsil infrastrukturunu yaxşılaşdırmaq və zəruri resursları yeniləmək məqsədi daşıyır.
“Sosial şəbəkələrdə səsləndirilən fikirlərdən fərqli olaraq, bu vəsait yalnız müəllimlərin əməkhaqlarına əlavələr üçün nəzərdə tutulmayıb. Burada söhbət məktəbin fəaliyyətinin təmin edilməsindən, infrastrukturun qurulmasından və tədris prosesinin lazımi resurslarla təmin olunmasından gedir. Məktəblərin fəaliyyətində müxtəlif xərclər mövcuddur. Tədris materiallarının çapı, zəruri avadanlıqların və ləvazimatların alınması, mövcud resursların yenilənməsi kimi məsələlər də maliyyələşmənin əhatə etdiyi istiqamətlər sırasındadır. Təhsil müəssisəsinin normal fəaliyyəti üçün yalnız müəllimlərin əməkhaqqını nəzərə almaq kifayət deyil. Tədrisin keyfiyyətli təşkili üçün müvafiq infrastruktur və maddi-texniki baza da olmalıdır”, – deyə M.Məmmədli vurğulayıb.
Ekspertin sözlərinə görə, yeni maliyyələşmə mexanizminin tətbiqində əsas məqsədlərdən biri şagird sayı və məktəblərin ehtiyacları arasında mövcud olan fərqləri nəzərə almaqdır. O bildirib ki, əvvəlki yanaşma ilə bağlı müxtəlif fikirlər səsləndirilir və xüsusilə kiçik kənd məktəbləri ilə böyük şəhər məktəblərinin maliyyələşdirilməsi məsələsi diqqət çəkir.
“Uzun müddət belə bir fikir səsləndirilirdi ki, ucqar dağ kəndində cəmi beş şagirdi olan məktəblə şəhər mərkəzində yerləşən və minlərlə şagirdin təhsil aldığı məktəbin maliyyələşdirilməsində eyni normativlərdən istifadə olunması müəyyən suallar yaradırdı. Yeni yanaşmada isə adambaşına maliyyələşmə prinsipinin tətbiqi ilə şagird sayı daha çox nəzərə alınacaq. Bu, məktəblərin maliyyə ehtiyaclarının müəyyənləşdirilməsində fərqli mexanizmin formalaşmasına imkan verə bilər. Təbii ki, məktəblərin yerləşdiyi ərazi, təhsil pillələri və digər xüsusiyyətlər də maliyyələşmənin qiymətləndirilməsində əhəmiyyət daşıyır. Burada əsas məsələ vəsaitin hansı prinsiplə hesablanması və məktəbin real ehtiyaclarının nə dərəcədə nəzərə alınmasıdır. Ayrılan maliyyə təhsil müəssisələrinin maddi-texniki təminatının yaxşılaşdırılmasına və tədris prosesinin təşkilinə xidmət etməlidir”, – deyə təhsil eksperti əlavə edib.
M.Məmmədlinin fikrincə, şagird başına maliyyələşmə məktəblərin ehtiyaclarının daha sistemli müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, ayrılan vəsaitin təyinatı üzrə istifadəsi və məktəblərin real ehtiyaclarına uyğun bölüşdürülməsi də vacibdir. Beləliklə, dövlət məktəblərində bir şagird üçün müəyyənləşdirilən illik xərc yalnız əməkhaqqı ilə məhdudlaşmır. Bu məbləğ təhsil müəssisələrinin fəaliyyətinin təşkili, infrastrukturun və maddi-texniki bazanın təmin edilməsi ilə bağlı xərcləri də əhatə edən maliyyələşmə yanaşmasının bir hissəsidir.
