Telefonlarınızı hazır saxlayın: Dünya fövqəladə vəziyyətə hazırlaşır - Azərbaycanda risk nə qədər realdır?

Dünyanın bir sıra ölkələrində əhaliyə müharibə, elektrik enerjisinin və internetin kəsilməsi, eləcə də digər fövqəladə vəziyyətlərə hazır olmaqla bağlı çağırışlar edilir. Bəzi ölkələrdə vətəndaşlara ən azı üç gün, digərlərində isə bir həftə ərzində yarana biləcək böhran şəraitində əsas ehtiyaclarını qarşılamaq üçün hazırlıq görmək tövsiyə olunur. Bu çağırışlar texnoloji infrastrukturun dayanıqlılığı və insanların rəqəmsal xidmətlərdən asılılığı məsələsini yenidən gündəmə gətirir.

Bəs bu xəbərdarlıqların əsas səbəbi nədir və oxşar risklər Azərbaycan üçün də aktualdırmı?

Referans Media-ya açıqlama verən telekommunikasiya sahəsi üzrə ekspert Seyran Tağıyev bildirib ki, bu çağırışlara ilk növbədə texnoloji infrastrukturun dayanıqlılığı baxımından yanaşmaq lazımdır.

Ekspert mövzu ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, müasir dövrdə dövlət qurumlarından banklara, xəstəxanalardan müxtəlif müəssisələrə qədər demək olar ki, bütün sahələr elektrik enerjisindən, internetdən və rəqəmsal sistemlərdən asılı vəziyyətə gəlib.

“Müasir dövrdə dövlət qurumlarından banklara, xəstəxanalardan müəssisələrə qədər demək olar ki, bütün sahələr elektrik enerjisindən, internetdən və rəqəmsal sistemlərdən asılıdır. Buna görə də bu sistemlərdə yaranan hər hansı problem gündəlik həyatımıza və müxtəlif xidmətlərin fəaliyyətinə təsir göstərə bilər.

Burada əsas risk yalnız internetin kəsilməsi deyil. Elektrik təchizatında problem yarandıqda serverlər, məlumat mərkəzləri, şəbəkə avadanlıqları və mobil rabitə infrastrukturu da müəyyən müddətdən sonra fəaliyyətini dayandıra bilər. Yəni bir sahədə yaranan nasazlıq digər xidmətlərə də təsir edərək daha genişmiqyaslı problemə çevrilə bilər”, – deyə ekspert vurğulayıb.

S.Tağıyevin sözlərinə görə, bir çox ölkədə əhalinin ən azı 72 saatlıq fövqəladə vəziyyətə hazır olmasının tövsiyə edilməsi texniki və praktiki baxımdan əsaslandırılmış yanaşmadır.

“Məqsəd insanların mütləq hansısa böhranla üzləşəcəyini bildirmək deyil. Əsas məqsəd əsas xidmətlərin müvəqqəti dayanması ehtimalını nəzərə almaq və vətəndaşların belə vəziyyətlərdə ilkin ehtiyaclarını qarşılaya bilmələrini təmin etməkdir.

Elektrik enerjisi və internet müəyyən müddət ərzində əlçatan olmadıqda insanların gündəlik fəaliyyəti çətinləşə bilər. Belə hallarda əvvəlcədən görülən hazırlıq tədbirləri yaranmış vəziyyətin nəticələrini yüngülləşdirməyə kömək edir. İnsanların alternativ informasiya və rabitə vasitələrini nəzərə almaları da bu baxımdan əhəmiyyətlidir”, – deyə o bildirib.

Ekspert hesab edir ki, Azərbaycan da bu riskləri nəzərə almalı və həm fərdi istifadəçilər, həm də təşkilatlar mümkün texniki problemlərə qarşı hazırlıqlı olmalıdır.

“İnternet provayderlərində yaranan nasazlıqlar, fiber-optik xətlərin zədələnməsi, elektrik kəsintiləri və kiberhücumlar istənilən ölkədə olduğu kimi, Azərbaycanda da rəqəmsal xidmətlərin fəaliyyətinə təsir göstərə bilər. Buna görə də texnoloji infrastrukturun dayanıqlılığı ilə yanaşı, vətəndaşların və müəssisələrin hazırlıq səviyyəsi də vacibdir.

Vətəndaşlar telefonlarını enerji ilə təmin etmək üçün powerbank saxlamalı, vacib məlumatların internet bağlantısı olmadan da əlçatan olmasına çalışmalı və alternativ rabitə imkanlarını nəzərə almalıdırlar. Bu cür sadə tədbirlər internet və ya elektrik təchizatında müvəqqəti problem yarandıqda müəyyən çətinliklərin qarşısını ala bilər”, – deyə ekspert qeyd edib.

S.Tağıyev bildirib ki, hazırlıq tədbirləri yalnız fərdi istifadəçilərlə məhdudlaşmamalı, müəssisələr də texniki riskləri əvvəlcədən qiymətləndirməlidirlər.

“Müəssisələr ehtiyat enerji mənbələrinə, alternativ internet bağlantılarına, məlumatların müntəzəm ehtiyat nüsxələrinin yaradılması imkanlarına və sistemlərin bərpası planlarına malik olmalıdırlar. Çünki texniki nasazlıq və ya digər fövqəladə vəziyyət zamanı xidmətlərin fasiləsizliyinin qorunması üçün əvvəlcədən hazırlanmış fəaliyyət planı mühüm rol oynayır.

Əgər təşkilatlar mümkün fasilələrə hazır olsalar, belə hallarda fəaliyyətin tamamilə dayanması riskini azaltmaq və sistemləri daha qısa müddətdə bərpa etmək mümkün olar”, – deyə o əlavə edib.

Ekspertin fikrincə, əsas məsələ hansısa təhlükənin mütləq baş verəcəyini gözləmək deyil, müasir həyatın texnologiyalardan asılılığının yaratdığı riskləri əvvəlcədən qiymətləndirməkdir.

“Əsas məsələ panikaya düşmək və ya hansısa təhlükənin mütləq baş verəcəyini düşünmək deyil. Vacib olan texnoloji asılılığımızın yaratdığı riskləri əvvəlcədən nəzərə almaq, mümkün fasilələrə hazır olmaq və alternativ imkanları müəyyənləşdirməkdir. Bu yanaşma həm fərdi təhlükəsizlik, həm də rəqəmsal xidmətlərin dayanıqlılığı baxımından əhəmiyyətlidir”, – deyə Seyran Tağıyev fikirlərini yekunlaşdırıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki