Əhalinin gözlədiyi xəbər gəldi: Yanvardan 314 manat olacaq

2027-ci il üçün Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Ölkə üzrə yaşayış minimumunun 300 manatdan 314 manata, əmək qabiliyyətli əhali üçün 317 manatdan 334 manata, uşaqlar üçün isə 260 manatdan 274 manata çatdırılması planlaşdırılır. Ehtiyac meyarının da 314 manat müəyyən edilməsi gözlənilir. İnflyasiya və gündəlik yaşayış xərclərinin artdığı bir şəraitdə bu dəyişikliklərin əhalinin real alıcılıq qabiliyyətinə və aztəminatlı ailələrin sosial müdafiəsinə təsiri müzakirə mövzusudur.

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yaşayış minimumunun 2027-ci ildə ölkə üzrə 300 manatdan 314 manata qaldırılması müəyyən artım olsa da, əhalinin real alıcılıq qabiliyyətini qorumaq baxımından bunun nə dərəcədə yetərli olması inflyasiyanın səviyyəsindən asılıdır.

Onun sözlərinə görə, artım təxminən 4,7 faiz təşkil edir. Əgər ərzaq, kommunal xidmətlər, dərman və digər gündəlik tələbat mallarının qiymətləri bundan daha sürətlə yüksələrsə, yaşayış minimumunun artırılması insanların real rifahını yaxşılaşdırmayacaq, sadəcə əvvəlki alıcılıq qabiliyyətinin müəyyən hissəsini qorumağa kömək edəcək. Çünki nominal gəlirin artması avtomatik olaraq real gəlirin artması demək deyil.

Akif Nəsirli qeyd edib ki, yaşayış minimumu əhalinin normal yaşaması üçün zəruri olan xərcləri əks etdirməlidir. Bu göstərici real istehlak səbətinin dəyərindən aşağı müəyyən edilərsə, onun sosial siyasətdəki əhəmiyyəti zəifləyər. Xüsusilə aşağı gəlirli ailələr gəlirlərinin daha böyük hissəsini ərzaq və kommunal xidmətlərə xərclədikləri üçün qiymət artımlarından daha çox təsirlənirlər. Buna görə yaşayış minimumu müəyyən edilərkən ümumi inflyasiya ilə yanaşı, ərzaq qiymətlərinin dəyişməsi və aztəminatlı ailələrin faktiki xərcləri də nəzərə alınmalıdır.

Ekspertin fikrincə, ehtiyac meyarının 314 manat müəyyən edilməsi ünvanlı dövlət sosial yardımının təyin olunması baxımından əhəmiyyətlidir. Ailənin adambaşına düşən orta aylıq gəliri ehtiyac meyarından aşağı olduqda və qanunvericilikdə nəzərdə tutulan digər şərtlər ödənildikdə, həmin ailə sosial yardım almaq hüququ qazana bilər. Ehtiyac meyarının yüksəldilməsi daha çox aztəminatlı ailənin sosial yardım sisteminə çıxış imkanını genişləndirə və bəzi ailələrə verilən yardımın məbləğini artıra bilər. Lakin bunun real təsiri ailənin gəlirlərinin necə hesablanmasından, yardımın təyin olunma qaydalarından və büdcədə bu məqsəd üçün ayrılan vəsaitdən asılıdır.

Akif Nəsirli vurğulayıb ki, əsas məsələ yaşayış minimumunu və ehtiyac meyarını yalnız nominal rəqəmlər kimi artırmaq deyil, onların real iqtisadi vəziyyətə uyğunluğunu təmin etməkdir. Bunun üçün ərzaq, mənzil, kommunal xidmətlər, nəqliyyat, səhiyyə və təhsil xərcləri üzrə real qiymətlər əsas götürülməli, regionlar və müxtəlif ailə qrupları arasındakı fərqlər nəzərə alınmalıdır. Eyni zamanda, əməkhaqqı və pensiyaların artımı inflyasiya ilə müqayisə edilməli, sosial ödənişlərin alıcılıq qabiliyyətinin qorunması üçün müntəzəm qiymətləndirmə mexanizmi yaradılmalıdır.

Nəticə etibarilə, yaşayış minimumunun 14 manat artırılması müsbət addımdır, lakin əhalinin rifahında ciddi yaxşılaşma yaratmaq üçün təkbaşına kifayət etməyəcək. Əsas meyar artımın neçə manat olması deyil, həmin məbləğin insanın real ehtiyaclarının nə qədərini ödəməsidir. Sosial siyasətin effektivliyi də məhz bu göstərici ilə qiymətləndirilməlidir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki