Ermənistan parlamentində davanın şok görüntüləri: yumruqlar, su şüşələri və havada uçan kreslo Ermənistan parlamentində yenidən gərginlik pik həddə çatıb və iclas zalı sözün həqiqi mənasında döyüş meydanına çevrilib.
Referans Media xəbər verir ki, oktyabrın 29-da keçirilən qalmaqallı iclasda deputatlar arasında kütləvi əlbəyaxa dava baş verib. Hadisənin alovlanmasına hakim “Mülki Müqavilə” partiyasının deputatı Taron Çaxoyanın tribunadan səsləndirdiyi kəskin ifadələr təkan verib. Çaxoyan ilə müxalifətin “Güclü Ermənistan” fraksiyasının deputatı Qarnik Davtyan arasında başlanan şifahi atışma qısa müddətdə nəzarətdən çıxaraq fiziki qarşıdurmaya keçib. Onlarla deputatın qoşulduğu qarşıdurmada tərəflər bir-birinə yumruq vurub, masaların üzərindəki su şüşələrini silah kimi işlədiblər. Hətta Milli Məclisin vitse-spikeri Vaahn Aleksanyan da gərginliyə dözməyərək müxalifətçilər tərəfə ağır kreslonu tullayıb. Şiddətli toqquşmanı yatırmaq üçün göstərilən ilkin cəhdlər nəticəsiz qaldığından “Güclü Ermənistan” fraksiyasının üzvləri etiraz olaraq iclas zalını tərk etməyə məcbur olublar.
Baş verən ciddi insidentə baxmayaraq, müxalifət fraksiyası iclasa qayıdaraq fəaliyyətini davam etdirəcəyini açıqlayıb. Fraksiyanın katibi Tiqran Abramyan jurnalistlərə açıqlamasında baş verənlərə görə iclasa sədrliyi ittiham edib və iğtişaşın miqyasını azaltmağa çalışıb. “Parlament praktikasında gərginlik və mübahisələr adət edilən haldır, lakin sədrliyin əsas öhdəliyi gərginliyi vaxtında körükləmək deyil, onun qarşısını almaqdır. Əgər spiker Rubinyan insidentin ilk saniyələrində dərhal fasilə elan etsəydi, vəziyyət bu dərəcədə kritik həddə çatmazdı”,–deyə Abramyan bildirib.
Fraksiyanın digər təmsilçisi Vaqinag Vartanov isə parlament rəhbərliyində təmsil olunan vitse-spikerlər Vaahn Aleksanyan və Hayk Koncoryanın davranışlarını kəskin tənqid edib. Vartanov vurğulayıb ki, vəziyyəti sabitləşdirməli olan şəxslər özləri xaos yaradıblar: “Vaahn Aleksanyan sanki özünü 'Tarzan' kimi apararaq iri kreslonu deputatların üzərinə fırlatdı. Hayk Koncoryan isə bitərəfliyini qorumaq əvəzinə, davaya birbaşa qoşularaq insidenti daha da alovlandırdı”. Deputat həmçinin bildirib ki, qarşıdurma zamanı onların həmkarı Andranik Qevorqyan ağır xəsarət alıb. O, zərbələrin təsirindən yerə yıxılıb və uzandığı halda üzünə əlavə zərbələr endirilib.
Hakimiyyət komandasının müxalifət deputatlarının köməkçilərini günahlandırmaq cəhdlərinə də cavab verən Vartanov qeyd edib ki, köməkçilər yalnız təhlükəsizlik xidmətinin bacarmadığı işi görüb, deputatları qorumağa çalışıblar. “Videoqeydlərdən aydın görünür ki, məsələn, mənim köməkçim sadəcə olaraq tərəfləri ayırmağa və davanı böyüməyə qoymamağa çalışır. Buna baxmayaraq, hakimiyyətin deputatı onun boğazından yapışaraq insafsızca vurmağa cəhd göstərir”, – deyə müxalifətçi deputat əlavə edib./Musavat.com/
