Evi sökülənlərə ŞAD XƏBƏR: Kompensasiya belə hesablanacaq

Azərbaycanda sökülən yaşayış evləri və qeyri-yaşayış obyektlərinə görə kompensasiyanın hesablanması, məbləğin müəyyənləşdirilməsində vahid və şəffaf meyarların tətbiqi məsələsi aktuallığını qoruyur. Əmlakın yerləşdiyi ərazi, real bazar dəyəri və yeni tikililərin qiymətləri kompensasiya məbləğinin vətəndaşların maraqlarına uyğun müəyyənləşdirilməsində mühüm rol oynayır. Bəs mövcud yanaşma vətəndaşların əmlak hüquqlarının və iqtisadi maraqlarının qorunması üçün nə dərəcədə yetərlidir?

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, sökülən ev və obyektlərə görə kompensasiyanın hesablanmasında vahid və şəffaf meyarların tətbiqi vətəndaşların və dövlətin maraqlarına uyğundur.

Onun sözlərinə görə, hazırda sökülən ev və obyektlərə görə kompensasiya, əsasən, həmin əmlakın bazar dəyərinə uyğun müəyyən edilir. Lakin bu, bir çox hallarda problemlərə səbəb olur. Belə ki, kompensasiya alan vətəndaş həmin ərazidə alternativ mənzil və ya obyekt almaq üçün kifayət qədər vəsait əldə edə bilmir. Nəticədə o, yaşadığı ərazidən uzaqlaşmağa məcbur olur və verilən kompensasiya məbləği ilə kifayətlənmir.

Vüqar Oruc hesab edir ki, bu baxımdan həmin ərazidə yerləşən yeni tikililərin dəyəri əsas götürülməlidir. O bildirib ki, kompensasiyanın müəyyənləşdirilməsi üçün üç yanaşma mövcuddur. Birinci halda müvafiq komissiya tərəfindən kompensasiya məbləği müəyyən edilir. Məsələn, Yasamal və Sovetski ərazilərində bu məbləğin 2700 manat müəyyən edildiyini qeyd edib.

İkinci yanaşma investorla bina sakinlərinin öz aralarında razılığa gəlməsidir. Bu zaman kompensasiya məbləği danışıqlar əsasında müəyyən olunur. Üçüncü variant isə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq, müvafiq satınalma prosedurunda qalib gələn qiymətləndirici şirkət tərəfindən əmlakın dəyərinin müəyyənləşdirilməsidir.

AQC sədri üçüncü variantın tərəfdarı olduğunu vurğulayıb. Onun fikrincə, prosesin qanunvericiliyə uyğun, müstəqil və obyektiv qiymətləndirici tərəfindən həyata keçirilməsi məqsədəuyğundur. Bununla belə, ekspert hesab edir ki, əsas prinsip söküntü nəticəsində vətəndaşın iqtisadi baxımdan zərər görməməsidir.

Vüqar Orucun sözlərinə görə, bunun üçün sökülən əmlakın öz bazar dəyəri deyil, həmin ərazidə və ya ərazidən ən azı bir kilometr məsafədə yerləşən yeni tikilinin bir kvadratmetrinin dəyəri kompensasiya üçün baza kimi götürülməlidir. O hesab edir ki, bu yanaşma vətəndaşlara əvvəlki əmlaklarının əvəzinə yaxın ərazidə yeni yaşayış və ya qeyri-yaşayış obyekti əldə etmək imkanı verə bilər.

Ekspert bildirib ki, kompensasiya hesablanarkən tikilinin vəziyyətindən asılı olmayaraq, bir kvadratmetrin dəyərinin eyni müəyyənləşdirilməsi yanaşması tətbiq oluna bilər. Bu halda bütün mənzillər və obyektlər üçün orta dəyər əsas götürülür. Ərazinin yerləşməsi də nəzərə alınır və kompensasiya məbləğləri əraziyə görə fərqlənir.

Vüqar Oruc düşünür ki, söküntü subyekti olan köhnə əmlakın real bazar dəyəri aşağı ola bilər. Buna görə də kompensasiya hesablanarkən həmin əmlakın öz qiyməti əvəzinə yaxınlıqda yerləşən yeni tikilinin bir kvadratmetrinin dəyəri əsas götürülməlidir.

O qeyd edib ki, burada əsas məqsəd söküntü nəticəsində vətəndaşın əmlak hüquqlarının və iqtisadi maraqlarının əsassız şəkildə zərər görməməsidir. Köhnə mənzil fondunun yeni mənzil fondu ilə əvəzlənməsi vətəndaşların hüquqlarının pozulmasına və ya maddi itkilərə səbəb olmamalıdır.

AQC sədri əlavə edib ki, dövlət bu məsələlərdə vətəndaşların maraqlarını nəzərə alır və bundan sonra da almalıdır. Onun fikrincə, sosial müdafiəyə və humanizm prinsiplərinə önəm verilməsi vətəndaşların maddi rifahının qorunması baxımından əhəmiyyətlidir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki