Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Referans Media xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 8-ci oyununa çıxıb. C səviyyəsində 81-88-ci yerlər uğrunda mübarizə aparan yığmamız Mozambik seçməsini 4:1 hesabı ilə məğlub edib.
Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Daha bir qol isə Mozambik millisinin futbolçusunun öz qapısına vurduğu top nəticəsində qeydə alınıb.
Azərbaycan millisinin növbəti rəqibi Vyetnam olacaq. Komandalar 81-84-cü yerlər uğrunda yarımfinal görüşündə üz-üzə gələcəklər. Beləliklə, yığmamız dünya çempionatını ən azı 84-cü yerdə başa vuracaq.
***09:32
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.
Referans Media bildirir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv C Divizionunda Mozambik yığması ilə üz-üzə gələcək.
Qarşılaşma bu gün, saat 11:30-da Hövsan Yarış Kompleksində baş tutacaq.
Bu cütün qalibi Kuba – Vyetnam matçında üstün olan tərəflə üz-üzə gələcək. Cütün məğlubu isə eyni komandaların qarşılşamasında uduzan tərəflə oynayacaq. Məğlublar saat 18:15-də, qaliblər 19:30-da münasibətləri aydınlaşdıracaq.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Çiliyə yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1 hesabı ilə məğlub edib.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək./globalinfo.az/
