Xəzərdə boğulma hadisələri ilə bağlı hər yay yenidən gündəmə gələn “gizli əllər” və ya insanları dibə çəkən sirli qüvvələr barədə iddialar cəmiyyətdə geniş müzakirə olunur. Bəs bu fikirlərin elmi əsası varmı? Mütəxəssislər hesab edirlər ki, boğulma hallarının əsas səbəbləri təbii proseslərdən daha çox insanların öz sağlamlıq durumunu və təhlükəsizlik qaydalarını nəzərə almamasıdır.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, Xəzərdə insanları dibə çəkən “gizli əllər” barədə deyilənlər təsdiqlənmiş fakt deyil.
“Bu illər ərzində hər dəfə belə fikirlər səsləndirilir. Amma həmin ‘əllərin’ nə olduğu, necə olduğu barədə konkret məlumat yoxdur. Mənə elə gəlir ki, bunlar təsdiqlənməmiş söhbətlərdir. İndiyədək belə bir fakt təsdiqlənsəydi, biz də deyərdik ki, filan vaxtı belə bir hadisə baş verib”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, boğulma hallarının bir çoxu insanların davranışları və sağlamlıq vəziyyəti ilə bağlı olur.
“Bəzən görürsünüz ki, insanlar isti havada və ya spirtli içki qəbul etdikdən sonra dənizə girirlər. Bu zaman kəskin temperatur fərqi ürək-damar xəstəlikləri olan insanlarda problem yarada bilir. Hətta bəzi hallarda insanın özünün də bilmədiyi sağlamlıq problemləri üzə çıxa bilər”, – deyə Ə.Əliyev qeyd edib.
Onun sözlərinə görə, isti mühitdən qəfil soyuq suya daxil olmaq damarların kəskin daralmasına səbəb olur.
“İsti havadan soyuq mühitə düşəndə damarlar kəskin daralır. Bu isə xüsusilə ürək-damar və sinir sistemi xəstəlikləri olan insanlarda ciddi problemlər yarada bilər. Bu, elmə məlum olan prosesdir. Belə hallarda ürək-damar sisteminin fəaliyyəti pozulur və nəticədə ölüm hadisəsi baş verə bilər”, – deyə ekspert vurğulayıb.
Ənvər Əliyev bildirib ki, indiyədək Xəzərdə insanları dibə çəkən hansısa sirli qüvvənin mövcudluğu ilə bağlı elmi sübut ortaya qoyulmayıb və boğulma hadisələrinin əsas səbəbləri arasında sağlamlıq problemləri, ehtiyatsızlıq və təhlükəsizlik qaydalarına əməl edilməməsi dayanır.
