Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisinin azaldılması və idxal limitlərinin müəyyənləşdirilməsi ilə bağlı qəbul edilən qərar iqtisadi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, aksiz vergisinin azaldılması qiymətlərə birbaşa təsir göstərə bilər, lakin bu təsirin istehlakçıya çatıb-çatmayacağı bazarın strukturundan asılıdır:
“Əgər paylayıcı şirkətlər bu azalmadan marjlarını artırmaq üçün istifadə etsə, pərakəndə qiymətlər demək olar ki, dəyişməz qala bilər. Real rəqabət mühiti olmadan vergi güzəştləri çox zaman istehlakçıya deyil, aralıq halqalara qazanc gətirir”.
İqtisadçı SOCAR üçün idxal limitlərinin müəyyənləşdirilməsini də tənqid edib. Onun sözlərinə görə, bu addım bazarda rəqabəti məhdudlaşdıran amildir:
“İdxal həcmini süni şəkildə çərçivəyə salmaq yerli qiymətləri yüksək saxlamağa xidmət edir. Yanacaq təminatı baxımından isə tək operatora həddindən artıq asılılıq arzuolunmaz risk yaradır”.
Akif Nəsirli qeyd edib ki, qərarın dövlət büdcəsinə təsiri birmənalı deyil. Qısamüddətdə aksiz gəlirləri azalacaq, lakin dolayı təsirlər mümkündür:
“Yanacaq qiymətlərinin enməsi nəqliyyat xərclərini, dolayısı ilə inflyasiyanı azalda bilər. Bu isə digər vergi gəlirlərinin artmasına gətirib çıxara bilər. Uzunmüddətli fiskal siyasət baxımından bu qərar struktur xarakterli deyil, daha çox taktiki addım təsiri bağışlayır”.
İqtisadçı əlavə edib ki, Azərbaycanda xam neft hasilatının azalması fonunda mövcud yanaşma müəyyən ziddiyyətlər yaradır:
“Xam nefti ixrac edib, emal olunmuş yanacağı idxal etmək iqtisadi baxımdan məntiqsizdir. Daha məqsədəuyğun yol nefti ölkə daxilində emal edib yüksək əlavə dəyərli məhsul kimi satmaqdır”.
Ekspert bu kontekstdə Hindistan nümunəsini də xatırladıb:
“Hindistan rus neftini ucuz alır, emal edir və dünya bazarlarına sataraq ciddi gəlir əldə edir. Azərbaycan isə əks istiqamətdə hərəkət edir”.
Onun sözlərinə görə, Azərbaycan coğrafi mövqeyi və mövcud infrastruktur imkanları baxımından regional yanacaq təchizatçısına çevrilə bilər:
“Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi layihələr bu üstünlüyü təmin edir. Lakin emal güclərinin genişləndirilməməsi bu potensialdan tam istifadə etməyə imkan vermir”.
Akif Nəsirli hesab edir ki, əsas problem iqtisadi modelin xarakteri ilə bağlıdır:
“Xam neft satışı daha sadə və sürətli gəlir gətirir. Emal sənayesi isə investisiya, texnologiya və uzunmüddətli yanaşma tələb edir. Mövcud model daha çox qısamüddətli düşüncəyə əsaslandığı üçün bu keçid hələ prioritetə çevrilməyib. Amma çevrilməlidir”.






















