Borcunu ödəməyənlər DİQQƏT: Bu sənədlər əlinizdən alınacaq

“İcra haqqında” Qanuna təklif olunan və borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi, həmin qiymətli kağızlara həbs qoyulması və zəruri hallarda onların satılmasını nəzərdə tutan dəyişikliklər hüquqi baxımdan müəyyən üstünlüklərlə yanaşı, bir sıra hüquqi və praktiki məsələləri də gündəmə gətirir.

Referans Media-ya açıqlama verən hüquqşünas Rəhim Xoyski bildirib ki, borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi, həmin kağızların üzərinə həbs qoyulması və zəruri hallarda satılması mexanizmi, ümumən, icra prosesinin səmərəliliyini artıra biləcək hüquqi vasitədir.

Onun sözlərinə görə, bu mexanizmin qanuni və ədalətli tətbiqi üçün qiymətli kağızların həbsi, uçotu, saxlanılması, qiymətləndirilməsi, satışı, satışdan əldə olunan vəsaitin bölüşdürülməsi və borclunun müdafiə imkanları ayrıca və aydın qaydada tənzimlənməlidir:

“Hazırda olan normalar qiymətli kağızların götürülməsi və saxlanılmasını nəzərdə tutur, lakin onların icra qaydasında ayrıca satışı ilə bağlı bütün prosedur məsələlərini əhatə etmir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, onun üzərində sərəncam vermək hüququnun qadağan edilməsindən, zəruri hallarda istifadə hüququnun məhdudlaşdırılmasından, əmlakın götürülməsindən və ya saxlanmağa verilməsindən ibarətdir. Həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda isə icra məmuru məhkəmə qərarı olmadan həbs qoya və 24 saat ərzində məhkəməyə məlumat verə bilər.

Həmin Qanunun 50.4-cü maddəsinə görə, əmlaka həbs, o cümlədən əmlakın tələbkara verilməsini və ya satılmasını təmin etmək məqsədilə qoyulur. Bu norma qiymətli kağızların da borclunun əmlakı kimi həbs və sonradan satış mexanizminə cəlb edilməsinə hüquqi əsas yarada bilər. Lakin qiymətli kağızların xüsusi hüquqi və texniki xüsusiyyətləri nəzərə alınmaqla ayrıca prosedur qaydalarının müəyyən edilməsini zəruri edir.

Qanunun 50.5 və 50.6-cı maddələri həbs qoyulmuş əmlakın sonradan satışa verilmək üçün götürülməsini və icra məmurunun əmlakı, tələbin həddini aşmamaq şərtilə, götürmək hüququnu nəzərdə tutur. Bu qaydaların qiymətli kağızlara tətbiqi zamanı onların fiziki sənəd, yaxud elektron uçotda olan aktiv olması ayrıca nəzərə alınmalıdır.

Qanunun 50.10-cu maddəsinə əsasən, icra sənədinin icrası ilə əlaqədar götürülmüş qiymətli kağızların saxlanılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu müddəa qiymətli kağızların saxlanılması məsələsini tanısa da, təqdim edilmiş qanunvericilik normalarında onların qiymətləndirilməsi, hərraca çıxarılması, bazar qiymətinin müəyyən edilməsi və satış nəticələrinin rəsmiləşdirilməsi barədə ayrıca qaydalar göstərilmir.

Təklif olunan mexanizmin müsbət tərəfi ondan ibarətdir ki, borclunun qiymətli kağızları sərəncamdan çıxarılaraq borcun icrasına yönəldilə bilər və bununla da borclunun digər əmlakına, o cümlədən yaşayış və peşə fəaliyyəti üçün zəruri əmlakına müdaxilənin qarşısı alına bilər.

Fiziki şəxslər barəsində icra zamanı zəruri qida məhsullarına, ilk zərurət əşyalarına, ixtisas üzrə kitablara və peşə fəaliyyəti üçün avadanlığa tələb yönəldilməsinə yol verilmir. Eyni zamanda, qiymətli kağızların həbsi borclunun həmin aktivlər üzərində sərəncam vermək imkanını məhdudlaşdırır. Belə məhdudiyyətlərə əməl edilməməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb ola bilər.

Borclu üçün əsas risk qiymətli kağızların həqiqi bazar dəyərindən aşağı qiymətə satılmasıdır. Təqdim edilmiş normalarda qiymətli kağızların necə qiymətləndiriləcəyi və satış qiymətinin hansı meyarlarla müəyyən ediləcəyi göstərilmədiyindən, bu məsələ tənzimlənmədiyi halda borclunun əmlak hüquqlarına qeyri-mütənasib müdaxilə yarana bilər. Bu nəticə xüsusilə qiyməti dəyişkən, likvidliyi aşağı və ya bazar qiyməti şəffaf olmayan qiymətli kağızlar baxımından əhəmiyyətlidir.

Digər mühüm məsələ həbsin həddidir. Qanun əmlakın götürülməsini iddia tələbinin həddini aşmamaq şərtilə mümkün hesab edir. Buna görə qiymətli kağızların həbsi və satışı borcun, icra xərclərinin və qanuni tələblərin təmin edilməsi üçün zəruri həcmdən artıq olmamalıdır.

Tələbkar baxımından mexanizm icra sənədinin real və daha sürətli icrasına imkan verə bilər. Qiymətli kağızlar likvid olduqda onların satılması nəticəsində əldə olunan vəsait borcun ödənilməsinə yönəldilə bilər. Əmlakın satılması “İcra haqqında” Qanunda tələbkara verilmənin təmin edilməsi vasitələrindən biri kimi nəzərdə tutulur.

Lakin qiymətli kağızların dəyərinin bazar konyunkturasından asılı olması tələbkarın da risklərini artırır. Həbs və satış arasındakı müddətdə qiymətli kağızların dəyəri azala bilər və satışdan əldə olunan məbləğ borcun tam ödənilməsinə kifayət etməyə bilər. Təqdim edilən normalarda belə qiymət dəyişiklikləri və satışdan sonra qalan borcun hüquqi taleyi barədə xüsusi qayda yoxdur.

Tələbkar üçün digər risk satışın uzun müddət gecikdirilməsi və ya qiymətli kağızların düzgün uçota alınmamasıdır. Qanun yalnız götürülmüş qiymətli kağızların saxlanılması qaydasının ayrıca müəyyən edilməsini nəzərdə tutur. Bu isə onların bloklaşdırılması, depozitar uçotuna alınması, hüquq və gəlirlərin idarə olunması məsələlərinin ayrıca həll edilməsini tələb edir.

Təklifin hüquqi siyasət baxımından əsaslandırılması mümkündür. Qiymətli kağızlar borclunun əmlakının likvid hissəsini təşkil edə və tələbkarın qanuni tələbinin daha səmərəli icrasına xidmət göstərə bilər. Bununla belə, mexanizm yalnız qiymətli kağızların həbs edilə və satıla bilməsi ilə məhdudlaşdırılmamalıdır.

Dəyişikliklərdə ən azı bir neçə məsələ dəqiq müəyyən edilməlidir: qiymətli kağızların fiziki və elektron formada həbs qaydası, depozitar, reyestrsaxlayıcı və digər uçot subyektlərinin icra məmurunun qərarını icra etmə öhdəliyi, qiymətli kağızların identifikasiyası və siyahıya alınması, nominal və bazar dəyərinin fərqləndirilməsi, müstəqil qiymətləndirmə və yenidən qiymətləndirmə qaydası, satış üsulu və satışın minimum qiyməti, dividend, faiz və digər gəlirlərin taleyi, girov saxlayanın və digər üçüncü şəxslərin hüquqları, borclunun və tələbkarın satış nəticələrindən şikayət etmək imkanı, satışdan artıq vəsaitin borcluya qaytarılması, satışdan əldə olunan vəsait borcu tam ödəmədikdə qalan borcun hüquqi taleyi.

Hüquqşünas qeyd edib ki, nəticə etibarilə, təklif olunan mexanizm prinsip etibarilə məqsədəuyğun və icra hüququnun effektivliyini artırmağa yönəlmiş hesab edilə bilər:

“Lakin onun hüquqi baxımdan yetərli olması üçün qiymətli kağızların adi əmlakdan fərqləndirilməsi və xüsusi icra prosedurunun yaradılması vacibdir. Əks halda, əsas risklər qiymətli kağızların düzgün identifikasiya edilməməsi, bazar dəyərindən aşağı satılması, üçüncü şəxslərin hüquqlarının pozulması, icra məmurunun səlahiyyətlərinin qeyri-müəyyənliyi və borclunun effektiv müdafiə vasitələrindən məhrum qalması ilə bağlı olacaqdır”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki