Hörmüzlə bağlı ŞOK - İran ordusu hazır vəziyyətdə

Hörmüz boğazı ətrafında diplomatik gərginlik yenidən hərbi qarşıdurma təhlükəsini ön plana çıxarıb. ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni hərbi zərbələri istisna etmir və Vaşinqtonla Tehran arasında diplomatik kanalların açıq qalıb-qalmadığı barədə ziddiyyətli mesajlar fonunda bölgədə vəziyyət daha da mürəkkəbləşir. İran isə bir tərəfdən diplomatiyaya açıq olduğunu bildirir, digər tərəfdən ordusunun yeni ABŞ hücumuna tam hazır vəziyyətdə olduğunu açıqlayır.

İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiyanın sözlərinə görə, ABŞ yeni hücuma əl atarsa, daha böyük itkilərlə üzləşə bilər. İran Ordusunun Baş Komandanı Əmir Hatəmi isə Tehranın ticarət imkanlarının məhdudlaşdırılması halında Hörmüz boğazının digər ölkələr üçün də əvvəlki kimi əlçatan olmayacağı barədə sərt mesaj verib.

Beləliklə, söhbət artıq yalnız Vaşinqtonla Tehran arasında qarşılıqlı hədələrdən getmir. Hər iki tərəf danışıqlar masasında mövqeyini gücləndirmək üçün hərbi təzyiq amilindən istifadə edir və Hörmüz boğazı bu qarşıdurmanın ən həssas nöqtələrindən birinə çevrilib. Tehran daha əvvəl ABŞ hərbi təzyiqi azalacağı təqdirdə boğazı açmağa hazır olduğunu bildirsə də, Tramp İranın son təklifini qəbul etmədiyini açıqlayıb.

İndi əsas məsələ ABŞ-nin yeni genişmiqyaslı zərbələrə başlayıb-başlamayacağıdır. Əgər hərbi qarşıdurma yenidən genişlənərsə, İranın ABŞ-nin regiondakı hərbi bazalarına cavab zərbələri endirməsi, Vaşinqtonun isə yalnız hava və raket hücumları ilə kifayətlənib-kifayətlənməyəcəyi sualı ortaya çıxır. Bununla yanaşı, mümkün dəniz əməliyyatları və Hörmüzdə gəmiçiliyin daha da məhdudlaşması Yaxın Şərqlə məhdudlaşmayan nəticələr doğura bilər. ABŞ-İran qarşıdurmasının əvvəlki mərhələlərində də enerji infrastrukturu və gəmiçiliklə bağlı risklərin neft qiymətlərinə təsir göstərdiyi müşahidə olunub.

Bu mənzərə Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. İranla sərhəd, Azərbaycanın hava məkanı, tranzit marşrutları və enerji ixracı mümkün yeni eskalasiyanın təsir göstərə biləcəyi əsas istiqamətlər sırasındadır. Qarşıdurmanın genişlənməsi bölgədə yeni miqrasiya və qaçqın axını riskini də gündəmə gətirə bilər. Digər tərəfdən, Hörmüz boğazında gərginliyin artması dünya enerji bazarında qiymətlərin yüksəlməsinə, bunun isə Azərbaycan neftinin ixrac gəlirlərinə və dövlət büdcəsinə təsir göstərməsinə səbəb ola bilər. Hazırda Brent neftinin qiymətinin əvvəlki dövrlə müqayisədə yüksək səviyyələrdə qalması da bu risklərin iqtisadi tərəfinin nə qədər ciddi olduğunu göstərir.

ABŞ yeni zərbələrə əl atarsa, İran ilk növbədə hansı Amerika hərbi obyektlərini hədəfə ala bilər? Qarşıdurma genişlənəcəyi təqdirdə Azərbaycan sərhədi, hava məkanı, tranzit yolları və enerji gəlirləri üçün hansı nəticələr yaranacaq? ABŞ yalnız hava və raket zərbələri ilə kifayətlənəcək, yoxsa dəniz-desant əməliyyatı mümkündür? Yeni qarşıdurma qaçqın axını yarada bilərmi? Azərbaycan neftinin qiyməti və dövlət gəlirləri necə dəyişə bilər?

BEHRUZ.jpg (80 KB)

Referans Media bildirir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a qeyd edib ki, Yaxın Şərqdə növbəti böyük müharibə riski yenidən geostrateji gündəliyin ana mövzusuna çevrilib:

“ABŞ və İran arasında qarşılıqlı hərbi zərbə hədələri, Hörmüz boğazında naviqasiyanın məhdudlaşdırılması xəbərdarlıqları və hər iki tərəfin hərbi hazırlıqları regional böhranın qlobal miqyaslı hərbi-siyasi toqquşmaya çevrilmə ehtimalını artırır. Bu eskalasiya təkcə Fars körfəzi ölkələri üçün deyil, İrana birbaşa həmsərhəd olan və strateji nəqliyyat-enerji dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün də birbaşa təhlükəsizlik və iqtisadiyyat məsələsidir. Regional təhlükəsizlik mühitinin kəskinləşməsi fonunda aydındır ki, Bakının həm hərbi, həm diplomatik, həm də sosial-iqtisadi baxımdan bütün mümkün ssenarilərə hazırlıqlı olması həyati əhəmiyyət kəsb edir. Mümkün ABŞ zərbələrinə cavab olaraq İranın regiondakı Amerika hərbi bazalarını və dəniz infrastrukturlarını hədəf alacağı gözləniləndir. Lakin hərbi əməliyyatların coğrafiyasının genişlənməsi,xüsusən İranın şimal vilayətlərindəki hərbi obyektlərin vurulması Azərbaycanın cənub sərhədlərinə dolayısı ilə təsir göstərə bilər. Müharibə şəraitində raket və dron qalıqlarının Azərbaycan ərazisinə düşməsi, eləcə də elektron mübarizə vasitələrinin mülki aviasiyaya mane olması riski yarandıqda, Azərbaycan hava hücumundan müdafiə sistemlərinin cənub istiqamətində yüksək döyüş hazırlığına gətirilməsi hava məkanının təhlükəsizliyini təmin edən əsas amilə çevrilir. Eyni zamanda Sərhəd Qoşunlarının və Quru Qoşunlarının cənub istiqamətindəki dislokasiya obyektlərinin gücləndirilmiş rejimə keçməsi mümkün təxribatların və hərbi risklərin neytrallaşdırılması üçün vacib müdafiə baryeridir”.

Deputat hesab edir ki, hərbi müstəvi ilə yanaşı, geoiqtisadi sahədə də ciddi dəyişikliklər qaçılmazdır:

“Müharibə şəraitində Şimal-Cənub Nəqliyyat Dəhlizinin İran seqmentinin iflic olması bu marşrutdan gələn tranzit gəlirlərini müvəqqəti dondura bilər. Lakin Fars körfəzində gəmiçiliyin dayanması fonunda Azərbaycanın alternativ logistik imkanları - Şərq-Qərb və Bakı-Tbilisi-Qars demək olar ki, yeganə təhlükəsiz quru və dəniz marşrutuna çevriləcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və dəmir yolu şəbəkəsinin yükaşırma qabiliyyətinin hazır vəziyyətdə saxlanılması Mərkəzi Asiya və Çindən gələn yük axınının kəsintisiz idarə olunmasını təmin edəcək. Eyni zamanda münaqişənin sosial və humanitar təsirləri də nəzərdən qaçırılmamalıdır. İran daxilində infrastrukturun vurulması və ya iqtisadi çöküş şimal istiqamətində daxili və transsərhəd miqrasiya təzyiqini artıra bilər. Azərbaycanın cənub rayonları potensial humanitar dalğa ilə üz-üzə qaldıqda ölkənin cənub sərhədlərində mövcud olan xüsusi nəzarət rejimi kütləvi, nəzarətsiz miqrant axınının qarşısını almağa imkan verir”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, böhranın maliyyə tərəfi isə ziddiyyətli dinamikaya malikdir:

“Hörmüz boğazının bağlanması qlobal neft bazarında tədarük şoku yaradaraq Brent markalı neftin qiymətini $100–$120 barel diapazonundan da yuxarı qaldıra bilər. Bakı-Tbilisi-Ceyhan boru kəməri Fars körfəzindən kənarda - Aralıq dənizi hövzəsində yerləşdiyi üçün Azərbaycan nefti qlobal bazar üçün riskdən uzaq “təhlükəsiz enerji” rolunu oynayacaq. Bu, Dövlət Neft Fondu və dövlət büdcəsi üçün milyardlarla dollar əlavə gəlir deməkdir. Lakin müharibənin gətirəcəyi iqtisadi gəlirlərdən daha önəmlisi ölkənin milli təhlükəsizliyini və sabitliyini qorumaqdır ki, Azərbaycanın çevik diplomatiyası, gücləndirilmiş müdafiə infrastrukturu, diversifikasiya olunmuş nəqliyyat marşrutları və möhkəm maliyyə buferləri ölkənin istənilən eskalasiya ssenarisinə qarşı dayanıqlılığını təmin edən əsas sütunlardır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki