Fermerlərə ŞAD XƏBƏR: Güzəşt tətbiq ediləcək - siyahı genişlənir

Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısının genişləndirilməsini necə qiymətləndirirsiniz? Yığım texnikası, kombayn xederlərinin daşınması üçün xüsusi qoşqular, quşların kəsimi və ilkin emalı xətləri, eləcə də soyuducu anbar dəstlərinin güzəştlər siyahısına daxil edilməsi kənd təsərrüfatında istehsal və məhsuldarlığa hansı təsirləri göstərə bilər?

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, aqrar sahədə güzəşt tətbiq edilən texnikaların siyahısının genişləndirilməsi ümumilikdə müsbət addımdır.

Onun sözlərinə görə, kənd təsərrüfatında məhsuldarlığı yalnız əkin və biçin texnikası deyil, məhsulun daşınması, ilkin emalı və saxlanması imkanları da müəyyən edir:

“Aqrar sahədə güzəşt tətbiq edilən texnikaların siyahısının genişləndirilməsi ümumilikdə müsbət addımdır. Çünki kənd təsərrüfatında məhsuldarlığı yalnız əkin və biçin texnikası deyil, məhsulun daşınması, ilkin emalı və saxlanması imkanları da müəyyən edir. Xüsusilə yığım texnikasının güzəştlə əldə edilməsi məhsul itkisini azaltmağa və yığım prosesini sürətləndirməyə kömək edə bilər.

Kombayn xederlərinin daşınması üçün xüsusi qoşquların siyahıya salınması da praktik baxımdan əhəmiyyətlidir. Bu, texnikanın müxtəlif təsərrüfatlar arasında daha operativ və təhlükəsiz daşınmasına, xüsusilə iri təsərrüfatlarda texnikadan istifadə səmərəliliyinin yüksəlməsinə şərait yarada bilər.

Quşların kəsimi və ilkin emalı xətlərinə güzəşt isə istehsalın daha müasir və sənaye üsulu ilə təşkilinə imkan verə bilər. Burada əsas məsələ yalnız quş əti istehsalının artırılması deyil, həm də məhsulun keyfiyyətinin, sanitar təhlükəsizliyinin və emal səviyyəsinin yüksəldilməsidir.

Soyuducu anbar dəstlərinin güzəşt siyahısına daxil edilməsi isə xüsusilə vacibdir. Çünki məhsulun tarladan və ya fermadan bazara qədər saxlanması zamanı yaranan itkilərin azalması fermerin gəlirini artıra və mövsümi qiymət dalğalanmalarının təsirini müəyyən qədər zəiflədə bilər. Nəticədə fermer məhsulu məcburən yığım dövründə ucuz qiymətə satmaq əvəzinə, daha əlverişli vaxtda bazara çıxarmaq imkanı əldə edir.

Ancaq güzəştlərin real nəticəsi texnikanın fermer üçün faktiki əlçatanlığından asılı olacaq. Əgər mexanizm yalnız texnikanın alınmasını ucuzlaşdırır, amma kredit, servis, ehtiyat hissələri və texnikadan səmərəli istifadə imkanları bahalı olaraq qalırsa, gözlənilən effekt məhdud ola bilər.

Buna görə əsas hədəf sadəcə texnika parkının genişləndirilməsi deyil, məhsulun istehsaldan saxlanmaya və emala qədər bütün zəncirində maya dəyərinin və itkilərin azaldılması olmalıdır”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki