​Hər kəsin danışdığı O QƏRAR tətbiq olunur: Məktəblərdə nə dəyişəcək?

Dövlət ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşdirmə prinsipinə keçirilməsi məktəblərin fəaliyyətinə və təhsilin keyfiyyətinə necə təsir göstərə bilər? Şagird sayının məktəblərin maliyyələşməsində əsas meyarlardan birinə çevrilməsi xüsusilə şagird sayı az olan rayon və kənd məktəblərinin maliyyə imkanlarına necə təsir edə bilər? Bu mexanizmin məktəblər arasında maliyyə bölgüsünün daha səmərəli aparılması baxımından hansı üstünlükləri var və tətbiq zamanı hansı çətinliklər yarana bilər?

Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, qəbul olunmuş qərar əsasında adambaşına maliyyələşmə prinsipinə keçilir və bu da əvvəlki dövrlə müqayisədə səmərəsiz maliyyə xərclərinin qarşısının alınmasına gətirib çıxara bilər.

Onun sözlərinə görə, eyni zamanda daha dəqiq optimallaşdırma və rasionallaşdırma prosesinin icrası mümkün olacaq:

“Nəzərinizi çatdırım ki, qəbul olunmuş qərar əsasında adambaşına maliyyələşmə prinsipinə keçilir və bu da təbii ki, əvvəlki dövrlə müqayisə olunanda səmərəsiz maliyyə xərclərinin qarşısını alacaq. Eyni zamanda daha dəqiq optimallaşdırma və rasionallaşdırma prosesinin icrası mümkün olacaq.

Bilirsiniz ki, bizim xüsusilə bölgələrdə elə auditoriyalarımız var ki, orada sinifdə bir şagird və yaxud da iki şagird olur. O iki şagirdə çəkilən xərc, demək olar ki, auditoriyada 25-30 nəfərin xərclərinə bərabər olur.

O nöqteyi-nəzərdən, adambaşına maliyyələşməyə keçildikdən sonra konkret olaraq təhsil məsələsində neçə şagird varsa, həmin şagirdlərin sayına uyğun dövlət tərəfindən müəyyən maliyyə vəsaiti ayrılacaq. Bu maliyyə vəsaiti əvvəlki dövrdən fərqli olaraq, konkret olaraq şagird sayına görə təhsil məsələsinə köçürüləcək və yaxud da təhsil məsələsi xərclərini şagird sayına görə tənzimləyəcək.

Harada ki, bir və yaxud da iki şagird varsa, onlar, bilirsiniz ki, distant, uzaqdan idarə olunan təhsil prinsipi əsasında təhsil prosesinə yönləndirilir ki, burada maliyyə xərclərinin qarşısı alınsın.

Düşünürəm ki, bu qərar da özlüyündə müsbətə doğru təhsil göstəricilərinə dəyişiklik gətirəcək. Çünki biz baxırıq, ayrı-ayrı belə auditoriyalarda ya müəllim çatışmazlığı yaranır.

Üstəlik, dərs saatları az olduğu üçün vakant yerlərin tutulmasında müəllimlər maraqlı olmurlar. Məsələn, şagirdlərin fizika dərsi boş qalır, biologiya, riyaziyyat və digər texniki fənlərdə görürsünüz ki, dərs saatı azdır, müəllim də həmin saatı vakant yerdə tutub getmir. Belə olanda uşaqlar da həmin fənlə bağlı bilik və bacarıqlarını inkişaf etdirə, möhkəmləndirə bilmirlər.

Amma distant təhsilə biz onları yönləndirdiyimiz zaman artıq həmin kateqoriyaya aid bir neçə şagirdin yığılması ilə ümumi distant təhsil təşkil olunur. Bu isə özlüyündə həm məktəblərarası maliyyənin düzgün bölünməsi, həm distant təhsilin təşkili və keçirilməsi, o cümlədən də əlavə üstünlüklər gətirəcək.

Prosesin mənfi tərəfini açıq düşünmürəm, çünki burada müsbətə doğru dəyişikliklərin daha çox olacağı gözlənilir”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki