Xəbər verdiyimiz kimi, dünən saat 22:00 radələrində Ukraynanın Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, əslən Kürdəmir rayonunun Pirəköçə kəndindən olan Abbas Yusif oğlu Abbasov həlak olub.
Referans Media bildirir ki, məsələ ilə bağlı Globalinfo.az mərhumun qohumları ilə əlaqə saxlayıb.
A.Abbasovun qaynı Xalid Məmmədov saytımıza açıqlamasında deyib ki, mərhum uzun illərdir Ukraynada yaşayırdı:
“Abbas 20 ilə yaxındır ki, ailəsi ilə birlikdə Kiyevdə idi. İldə bir dəfə Azərbaycana, valideynlərini ziyarətə gələrdilər. Əslən Kürdəmirin Pirəköçə kəndindəndirlər. Uzun illərdir orada bazarda çalışır, ailəsini dolandırırdı”.
X.Məmmədov qeyd edib ki, A.Abbasovun valideynləri onun ölümündən xəbərsizdir:
“İndi kəndə gedirik, özümüz asta-asta izah edəcəyik. Çünki onlar da yaşlıdırlar, səhhətlərində problem var. Abbasın 4 övladı var, kiçik övladı 6 yaşındadır. Özləri isə 4 bacı, 5 qardaş idilər. Nəşi ölkəyə gətirildikdən sonra elə Pirəköçə qəbiristanlığında dəfn olunacaq. Allah rəhmət eləsin”.
Qeyd edək ki, Rusiya ordusunun Kiyevə hücumları zamanı 71 yaşlı Ukrayna vətəndaşı Aşur Bəhlul oğlu Əkbərov da həyatını itirib. Əslən Azərbaycanın Lənkəran rayonundan olan Aşur Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib və hadisə yerində həyatını itirib.


