Bu ərazilərdə yaşayanlara SEVİNDİRİCİ XƏBƏR: Ev və torpaq qiymətləri bahalaşır

Bakıətrafı ərazilərdə dəmir yolu infrastrukturunun genişləndirilməsi təkcə nəqliyyat imkanlarının yaxşılaşdırılması baxımından deyil, həm də regionlarda məskunlaşmanın, əmək bazarlarının inteqrasiyasının və yeni iqtisadi imkanların formalaşması baxımından əhəmiyyətli hesab olunur.

İqtisadçı Rəşad Həsənov Referans Media-ya açıqlamasında bildirib ki, hər hansı ərazi üçün ictimai nəqliyyat infrastrukturunun formalaşdırılması fundamental məskunlaşma amillərindən biridir. Onun sözlərinə görə, xüsusilə Bakı və ətraf ərazilərdə məskunlaşma səviyyəsi, eləcə də paytaxtın mövcud nəqliyyat vəziyyəti nəzərə alınarsa, bu cür layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəşad Həsənov qeyd edib ki, son 3-10 il ərzində ölkədə nəzarətsiz daxili miqrasiya prosesləri müşahidə olunub. İqtisadçı bunun ölkədə qeyri-taraz inkişafı dəstəkləyən siyasətlərin nəticələrindən biri olduğunu və əhalinin əhəmiyyətli hissəsinin Bakı və ətraf ərazilərdə məskunlaşmasının ciddi problemlər yaratdığını vurğulayıb.

Onun fikrincə, nəqliyyat sahəsində və şəhərsalma prosesində tətbiq edilən uğursuz modellər, eləcə də nəzarətsiz məskunlaşma bugünkü vəziyyətin formalaşmasına təsir göstərib.

İqtisadçı hesab edir ki, sadalanan ərazilərdə dəmir yolu infrastrukturunun yaradılması yaranmış vəziyyətin mənfi təsirlərinin qismən azaldılması istiqamətində müsbət addım ola bilər.

“Bu halda müvafiq bölgələrin əhalisi ən azı ilkin mərhələdə vaxtını daha səmərəli idarə edə, göstərilən xidmətlərdən daha rahat istifadə edə və əmək bazarları arasında inteqrasiyanı gücləndirə bilər”, - deyə Rəşad Həsənov bildirib.

O qeyd edib ki, Bakıətrafı ərazilərdə əmək ehtiyatları daha çox olsa da, iş yerlərinin böyük hissəsi paytaxtın özündə cəmləşib. Dəmir yolu bağlantılarının gücləndirilməsi bu iki məkan arasında əmək axınının asanlaşmasına şərait yarada bilər.

“Əmək bazarları arasında inteqrasiyanın nisbətən dərinləşməsi, hər iki istiqamətdə əmək qüvvəsinin axınının asanlaşması nəticə etibarilə tələb olunan iş gücü və kvalifikasiyaya uyğun daha rəqabətli əmək mühitinin formalaşmasına təsir göstərə bilər”, - deyə iqtisadçı vurğulayıb.

Rəşad Həsənovun sözlərinə görə, nəqliyyat infrastrukturu Bakıətrafı ərazilərdə daşınmaz əmlak və torpaq bazarına da təsir göstərə bilər. Belə infrastrukturun yaradılması həmin ərazilərdə və onlara yaxın zonalarda əmlakın, o cümlədən torpağın qiymətinin artmasına səbəb ola bilər.

Bununla yanaşı, nəqliyyat imkanlarının yaxşılaşması həmin ərazilərdə məskunlaşmaya marağı artıra, əhali sıxlığının yüksəlməsinə və yeni xidmət sahələri ilə mikroistehsal müəssisələrinin formalaşmasına əlavə imkanlar yarada bilər.

İqtisadçı hesab edir ki, bunun nəticəsində əhalinin xidmətlərə çıxışı genişlənə, eyni zamanda müəyyən qruplar üçün gəlir imkanları arta bilər.

“Nəqliyyat infrastrukturu iqtisadiyyatda həm şaquli, həm də üfüqi təsirləri ilə multiplikasiya effekti yarada bilən mühüm infrastruktur növüdür. Bu baxımdan müvafiq layihələrin uğurla icra edilməsi halında həmin ərazilərdə müsbət istiqamətdə dəyişikliklərin müşahidə olunması mümkündür”, - deyə Rəşad Həsənov əlavə edib.

Beləliklə, Bakıətrafı ərazilərdə dəmir yolu infrastrukturunun inkişafı yalnız sərnişindaşıma imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. Layihələrin düzgün planlaşdırılması və səmərəli icrası məskunlaşma proseslərinə, əmək bazarının hərəkətliliyinə, daşınmaz əmlak bazarına və ərazilərdə yeni xidmət və iqtisadi fəaliyyətlərin yaranmasına da təsir göstərə bilər.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki