Sürücülük hüququnun məhdudlaşdırılması üçün müəyyən edilən 20 bal limitinin yenidən nəzərdən keçirilməsini necə qiymətləndirirsiniz? Sizcə, bu limit sürücülərin yol hərəkəti qaydalarına əməl etməsinə təsir baxımından nə dərəcədə effektivdir və limitin dəyişdirilməsi yol hərəkəti təhlükəsizliyinə necə təsir göstərə bilər?
Referans Media-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, cərimə ballarının artırılması hələ də müzakirə mövzusudur.
Onun sözlərinə görə, Milli Məclisdə də deputatların əksəriyyəti əvvəlki sessiyada məsələyə müsbət yanaşıb:
“Ümid edirəm ki, payız sessiyasında bu məsələyə baxılacaq. Cərimə balları, sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan bal limiti 20 yox, 30 olacaq. Belə bir müzakirə gedir və bəzi xətalardan da balın yığışdırılması nəzərdə tutulur.
Ola bilər, maddi hissəsi, cərimə sanksiyası hissəsi artırılır, amma bal limiti olmalıdır. Çünki məclisdə şərait elədir ki, istər-istəməz bu qaydanı pozanlar, pozmaq məcburiyyətində qalanlar çoxdur. Və bunun nəticəsidir ki, nə qədər insan hal-hazırda sürücülük hüququndan məhrum olub, ailə dolandıra bilmirlər. Xüsusən taksi sürücüləri bunun əziyyətini çəkir.
Mən düşünmürəm ki, bu, heç nəyə qaydadan pozulmasına daha çox səbəb olacaq. Çünki sonda bu cərimə sanksiyası yerində qalır. Bu gün 40 manat, 60 manat, 80 manat, 100 manat cərimədən söhbət gedir və kifayət qədər də məbləğ böyükdür.
10 manat, 20 manat da heç kim deməsin ki, yox, bir şey olmaz bundan. Bugünkü gün 10 manatın, 20 manatın da, pardon, bir təsiri var. Heç kim cərimə olunmaq istəməz, amma məcburiyyətdən əgər bu baş verirsə, bunu nəzərə almaq lazımdır.
Əvvəlki dövrlə müqayisədə paralellik aparanda görürük ki, əvvəl balla nəticələnən cərimələrin sayı az idi, ona görə bal limiti 20 qoyulmuşdur. İndi balla nəticələnən cərimələrin sayı artıbsa, bal limiti 20-də qala bilməz. Yəni, məsələn, mahiyyəti bundan ibarətdir”.
Gülnaz Abdullazadə
