Azərbaycan iqtisadiyyatında İKİNCİ NƏFƏS: Neftdən sonra ən böyük sərmayə axını başladı - milyardlar axacaq

Azərbaycan xarici investisiyaların cəlb olunması strategiyasını köklü şəkildə dəyişərək qeyri-neft/qaz sektorunun inkişafına üstünlük verməyə başlayıb. Bakıda keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumu ölkənin xarici iqtisadi fəaliyyət prioritetlərində yeni mərhələnin başladığını nümayiş etdirib.

​Ekspert Aydın Quliyev "Referans Media"ya açıqlamasında bildirib ki, son illərə qədər investisiya siyasəti əsasən neft-qaz sənayesinə xarici kapitalın cəlb edilməsinə hədəflənmişdi. Bu strategiya çərçivəsində böyük nəticələr əldə olunub və sahəyə 200 milyard dollardan artıq sərmayə qoyulub ki, bunun da əsas hissəsini xarici kapital təşkil edir.

​Lakin İkinci Beynəlxalq İnvestisiya Forumu göstərib ki, artıq əsas strateji istiqamət qeyri-neft sektorunun inkişafıdır. Yeni mərhələdə xarici investisiyaların cəlb olunması nəzərdə tutulan əsas sahələr sırasına aşağıdakılar daxildir:

​Qeyri-neft zonalarının və sənaye parklarının yaradılması;
​Nəqliyyat dəhlizlərinin ötürücülük gücünün artırılması;
​Logistika imkanlarının gücləndirilməsi;
​Rəqəmsal keçid və innovasiya sahələri.

​A. Quliyevin sözlərinə görə, bu sahələr Azərbaycana milyardlarla dollar gəlir gətirmək potenesialına malikdir. Forum çərçivəsində smeta dəyəri 10 milyard dollara qədər olan saziş və razılaşmaların əldə olunması bu istiqamətdə atılan mühüm addımdır.

​Qeyri-neft sektorunun son illərdəki artım dinamikasına 10 milyard dollar həcmində yeni investisiyanın əlavə olunması yaxın illərdə bu sahədə daha yüksək göstəricilərin əldə edilməsinə şərait yaradacaq.

​Nəticə etibarilə, indiyədək ölkə inkişafı əsasən neft-qaz sektoru üzərində qurulurdusa, hazırda investisiya siyasətinin qeyri-neft sahəsinə yönəldilməsi Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin və dayanıqlı maliyyə bazasının formalaşmasından xəbər verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki