Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosanın təyyarəsi texniki nasazlıq səbəbindən havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmağa məcbur olub.
Referans Media xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, Ramafosa Pretoriya yaxınlığındakı Uoterklof Hərbi Hava Qüvvələri bazasından Durban şəhərinə yola düşüb. Prezident burada Toyota şirkətinin yeni istehsal xəttinin açılış mərasimində iştirak etməli idi.
Lakin uçuş zamanı təyyarədə texniki nasazlıq yaranıb. Nasazlığın xarakteri açıqlanmayıb.
“Prezidentin təyyarəsində texniki problem yarandı. Buna görə də geri dönərək bazaya enməyə məcbur olduq”, – deyə Prezident Administrasiyasının rəsmi nümayəndəsi Vinsent Maqvenya bildirib.
Hadisədən sonra Siril Ramafosa Durban şəhərində keçirilən tədbirə videobağlantı vasitəsilə qoşulub.
İlkin məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb./Globalinfo.az
