Rusiyanın raket zərbəsinə məruz qalan Türkiyə gəmisinin azərbaycanlı heyəti Odessadan təxliyə edilib.
İyulun 14-də Ukraynanın Odessa şəhərində Rusiya Silahlı Qüvvələrinin raket zərbəsinə məruz qalan Türkiyə yük gəmisinin sağ qalan heyət üzvləri təhlükəsiz əraziyə çıxarılıb.
Bu barədə "Referans MEDİA"ya diaspor nümayəndəsi Ayaz Əliyev məlumat verib.
Məlumata görə, hadisədən sonra Odessa şəhərində fəaliyyət göstərən "Birlik" Azərbaycan Diaspor Təşkilatının sədri Cəlil Astanov gəminin sağ qalan heyət üzvləri ilə Deribasovskaya küçəsi 12 ünvanında yerləşən "Perli Monro" otelində görüş keçirib.
Bildirilib ki, hücum zamanı gəminin kapitanı, əslən Azərbaycanın cənub bölgəsindən olan Səməd Nəsrullayev həlak olub. Gəminin aşbazı Gülanə Lətifova və matros İsmayıl İsmayılov isə yaralanıblar. Onların xəsarətlərinin orta və yüngül dərəcəli olduğu qeyd edilib.
Heyət üzvlərindən biri Hindistan vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.
Hadisə nəticəsində iki dənizçinin geyim əşyaları tamamilə yandığından onlar yeni geyimlə təmin ediliblər. Bildirilib ki, gəmi kapitanının körpüsündə baş verən yanğın səbəbindən heyət üzvlərinə məxsus bütün sənədlər məhv olub. Yalnız pasportlar onların üzərində qalıb.
Qeyd olunub ki, bu məlumatlar gəminin baş köməkçisi İsmayıl Axundov tərəfindən şəxsən təqdim edilib.
Bundan əlavə, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi Pərviz müəllim və media nümayəndələri də zərərçəkən dənizçilərə baş çəkərək onların vəziyyəti ilə maraqlanıblar.
Məlumata əsasən, gəmi heyəti bu gün saat 18:00-da Moldova Respublikasının paytaxtı Kişinyova yola salınacaq. Onlar gecə saatlarında isə təyyarə ilə Türkiyənin İstanbul şəhərinə göndəriləcəklər.
Məlumat Odessa Azərbaycanlıları Konqresi (OKAU) tərəfindən təqdim olunub.
Namiq Talibov
Odessa OKAU
