Son dövrlər özəl klinikalarda "qeydiyyat haqqı" adı altında vətəndaşlardan əlavə ödənişlərin alınması ilə bağlı mənə çoxsaylı müraciətlər daxil olur. Müraciət edən şəxslərin əsas sualı eynidir: "Həkim qəbuluna düşmək üçün qeydiyyata görə ayrıca ödəniş tələb edilməsi qanunidirmi?" Mənə daxil olan müraciətlərdən biri Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 16 ünvanında yerləşən "Aristokrat Tibb Mərkəzi" ilə bağlıdır.
Mənə hüquqi yardım üçün müraciət edən vətəndaş narazılığını mənə belə ifadə etdi: "Mən artıq 10 gündür diş müalicəsi alıram. Hər dəfə həkim qəbuluna gələndə qeydiyyat şöbəsində məndən 10 manat tələb olunur. Mən başa düşə bilmirəm, əgər qeydiyyat bir dəfə aparılırsa, niyə hər gəlişimdə yenidən qeydiyyat pulu ödəməliyəm? Bu hesabla mən 10 gün müalicəyə gəlsəm, təkcə qeydiyyat adı altında 100 manat ödəmiş oluram. Mən bunun hüquqi əsasını soruşanda isə qeydiyyat şöbəsinin əməkdaşları kobud şəkildə cavab verdilər ki, "rəhbərliyin qoyduğu qanundur". Mənə maraqlıdır, Azərbaycan Respublikasının qanunvericiliyində həqiqətən belə bir qanun varmı?"
Vətəndaş xüsusilə vurğuladı ki, məqsədi 10 manatın geri qaytarılması deyil. Onun əsas narazılığı qeydiyyat şöbəsində üzləşdiyi kobud münasibət, etik davranış qaydalarının pozulması və suallarına hüquqi əsaslandırılmış cavab verilməməsidir. Onun sözlərinə görə, əməkdaşlar ödənişin mahiyyətini izah etmək əvəzinə etik normalara uyğun olmayan davranış sərgiləyərək məsələni "rəhbərliyin qoyduğu qanundur" ifadəsi ilə əsaslandırmağa çalışıblar. Məhz bu səbəbdən hüquqlarının müdafiəsi və məsələyə hüquqi qiymət verilməsi üçün vətəndaş mənə müraciət edib. Vətəndaş tərəfindən mənə 18.06.2026-cı il tarixli, 22103 nömrəli fiskal qəbz də təqdim olunub. Qəbzdə xidmətin adı "Ağız boşluğunun müayinəsi", xidmət haqqı isə 10 manat göstərilib. Halbuki vətəndaşın bildirdiyinə görə, həmin məbləğ ondan qeydiyyat haqqı kimi tələb olunub. Bu isə hüquqi baxımdan ciddi suallar doğurur. Əgər vətəndaşdan qeydiyyat üçün ödəniş alınırsa, fiskal qəbzdə niyə "qeydiyyat xidməti" deyil, "Ağız boşluğunun müayinəsi" qeyd olunur? Əgər həqiqətən tibbi müayinə aparılıbsa, həmin müayinə hansı həkim tərəfindən aparılıb və bununla bağlı tibbi sənədləşmə mövcuddurmu? Əgər faktiki olaraq belə bir xidmət göstərilməyibsə, fiskal qəbzdə başqa xidmətin göstərilməsi hansı hüquqi əsaslara söykənir?
Müşahidələrimə əsasən deyə bilərəm ki, bu problem yalnız bir özəl tibb müəssisəsi ilə məhdudlaşmır. Mənə daxil olan müraciətlərdə bəzi özəl klinika və klinikalarda qeydiyyat adı altında 20, 30, 50 manat, hətta daha yüksək məbləğlərin tələb olunduğu bildirilir. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, əksər hallarda vətəndaşa bu ödənişin hansı xidmətə görə tutulduğu, hansı tarif əsasında müəyyən edildiyi və hüquqi əsasının nədən ibarət olduğu barədə heç bir dolğun məlumat verilmir.
Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığının qorunması hüququ vardır. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən pasiyent göstərilən tibbi xidmətin mahiyyəti, şərtləri və digər vacib məlumatlar barədə tam və düzgün məlumat almaq hüququna malikdir. Həmçinin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən istehlakçıya göstərilən xidmətin qiyməti, keyfiyyəti və digər mühüm şərtləri barədə düzgün və dolğun məlumat verilməlidir. Bundan əlavə, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq fiskal qəbzdə faktiki göstərilən xidmət düzgün əks etdirilməlidir. Əgər vətəndaşa "qeydiyyat haqqı" adı ilə ödəniş etdirilir, lakin qəbzdə başqa xidmət göstərilirsə, bu halın hüquqi əsasları aidiyyəti dövlət orqanları tərəfindən araşdırılmalıdır. Mən hüquqşünas olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyində özəl klinikanın pasiyentdən hər müraciət zamanı məcburi qaydada "qeydiyyat haqqı" almasını nəzərdə tutan hər hansı hüquqi norma mövcud deyil. Özəl tibb müəssisələri göstərdikləri xidmətlərə görə qiymət müəyyən etmək hüququna malik olsalar da, bu, onlara hüquqi əsası açıqlanmayan, mahiyyəti izah edilməyən və hər dəfə təkrar alınan ödəniş tələb etmək səlahiyyəti vermir. Əgər qeydiyyat bir dəfə aparılırsa, eyni müalicə kursu ərzində hər qəbul zamanı yenidən qeydiyyat haqqının alınmasının hüquqi və iqtisadi əsaslandırması olmalıdır. Ən əsası isə, "bu, rəhbərliyin qoyduğu qanundur" ifadəsi hüquqi baxımdan tamamilə əsassızdır. Azərbaycan Respublikasında qanunları yalnız Milli Məclis qəbul edir və Prezident imzaladıqdan sonra qüvvəyə minir. Heç bir özəl klinikanın rəhbərliyi daxili qaydasını "qanun" adlandıra bilməz və daxili qaydalar vətəndaşın qanunla qorunan hüquqlarını məhdudlaşdıra bilməz.
Belə hallarla qarşılaşan vətəndaşlara tövsiyə edirəm ki, ödəniş etməzdən əvvəl onun hansı xidmətə görə tutulduğunu soruşsunlar, mütləq fiskal qəbz tələb etsinlər, qəbzdə göstərilən xidmətin faktiki aldıqları xidmətlə uyğun olub-olmadığını yoxlasınlar. Hüquqlarının pozulduğunu hesab etdikdə isə Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Dövlət Vergi Xidmətinə və zərurət yarandıqda məhkəməyə müraciət etsinlər.
Mən hesab edirəm ki, səhiyyə xidmətində əsas prinsip pasiyentə hörmət, qanunçuluq və şəffaflıq olmalıdır. Vətəndaşın verdiyi sadə bir suala kobud münasibət göstərilməsi, hüquqi əsasın izah edilməməsi və daxili qaydaların "qanun" kimi təqdim olunması hüquqi dövlət prinsipləri ilə uzlaşmır. Düşünürəm ki, aidiyyəti dövlət qurumları bu kimi halları ciddi araşdırmalı, özəl tibb müəssisələrində "qeydiyyat haqqı" adı altında alınan ödənişlərin hüquqi əsaslarını yoxlamalı və qanun pozuntusu aşkar edildiyi halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidirlər. Vətəndaşın hüquqlarının qorunması səhiyyə sistemində etimadın formalaşmasının əsas şərtlərindən biridir.
Xəyal Məmmədov
Hüquqşünas
