Bu ölkədə müharibə başlayacaq?- Hava limanı ƏLƏ KEÇİRİLDİ

Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) qüvvələri Efiopiyanın şimalındakı Tiqray bölgəsinin paytaxtı Mekelədə yerləşən hava limanına nəzarəti ələ keçirib.

Referans Media  xarici mediaya istinadən xəbər verir ki, hava limanının əməkdaşı və Efiopiyada fəaliyyət göstərən xarici təhlükəsizlik mənbəyi hava limanının TPLF qüvvələri tərəfindən ələ keçirildiyini təsdiqləyib.

Hava limanının əməkdaşı bildirib ki, işə getdiyi zaman rəhbəri sürücüyə zəng edərək hava limanının Tiqray qüvvələrinin nəzarətinə keçdiyini deyib və uçuşlar həyata keçirilmədiyi üçün əməkdaşlara evlərinə qayıtmağı tapşırıb.

Mənbələrin məlumatına görə, hava limanını az sayda federal polis əməkdaşı qoruyub. Onların hazırkı taleyi barədə məlumat yoxdur.

Uçuşları izləyən FlightRadar xidmətinin məlumatına əsasən, çərşənbə axşamı səhər Mekele ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbə arasında planlaşdırılan uçuş ləğv edilib.

Efiopiyanın milli aviadaşıyıcısı “Ethiopian Airlines” də Mekele, Aksum və Şire şəhərlərinə uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.

Tiqray bölgəsinə nəzarət edən TPLF 2020–2022-ci illərdə Efiopiyanın federal hökumətinə qarşı genişmiqyaslı müharibə aparıb. Afrika İttifaqının hesablamalarına görə, həmin münaqişə nəticəsində təxminən 600 min insan həlak olub.

Son aylarda bölgədə vaxtaşırı toqquşmaların baş verməsi tammiqyaslı münaqişənin yenidən alovlanacağı ilə bağlı narahatlıqları artırıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki