Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025/2026-cı tədris ili üçün təhsil haqları artırılıb. Artım həm bakalavriat, həm də magistratura səviyyələrinə şamil olunur və bəzi ixtisaslarda 200 manatadək yüksəliş qeydə alınıb. Belə ki, universitetdən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qaldırılıb. Hazırda digər aparıcı ali təhsil müəssisələri qiymət artımı nəzərdə tutmadıqlarını bildirsələr də, bu mövqenin gələcəkdə dəyişib-dəyişməyəcəyi açıq qalır.
Təhsil haqları hansı meyarlarla formalaşır? Digər universitetlər də artıma gedə bilərmi?
Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, ali məktəblərdə təhsil haqqı artımı müntəzəm baş verir və davamlıdır:
“Universitetlər xərclərini qarşılamaq üçün illikləri artırırlar. Çünki onlar publik hüquqi şəxsdir. Azərbaycanda bütün tələbələr ödənişli təhsil alır. Sadəcə çoxunun illiklərini dövlət ödəyir. Artımın səbəblərindən biri xarici müəllimlərin dəvət edilməsi, mübadilə proqramları, beynəlxalq əməkdaşlıq və ya müasir resurslarla təminat ola bilər”.
Deputatın sözlərinə görə, təhsil getdikcə kommersiya yönümlü fəaliyyət sahəsinə çevrilir:
“Bu, universitetlərin özlərini bazar prinsiplərinə uyğun idarə etməsinə səbəb olur. Çünki ödənişli təhsilin qiymətləri bazar tələbinə uyğun tənzimlənir”.
Təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda belə qərarlar daha çox inzibati və birtərəfli xarakter daşıyır:
“Xüsusilə dövlət universitetində bu artımın baş verməsi ciddi suallar doğurur. Qərarın əsaslandırılması, ictimai əsaslı izahı və şəffaf maliyyə planlaması təqdim olunmadan tətbiqi tələbələr və valideynlər üçün əlavə maliyyə yükü yaradır, təhsil sisteminə olan etimadı zədələyir. Təhsil haqları ali təhsil müəssisələrinin maliyyələşmə mənbələrindən biridir. “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə əsasən, ali təhsil müəssisələri dövlət büdcəsindən ayrılan vəsaitlər, təhsil haqları, elmi fəaliyyət gəlirləri və digər mənbələr hesabına fəaliyyət göstərirlər. Lakin bu mexanizm ali məktəblərə tam sərbəstlik vermir. Eyni zamanda, “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılan variantında təhsil haqqının müəyyənləşdirilməsində iqtisadi əsaslandırma, şəffaflıq və ictimai nəzarət prinsiplərinin nəzərə alınması tövsiyə olunub. ADPU-da baş verən qiymət artımı isə nə iqtisadi əsaslandırma ilə izah olunub, nə də tələbə və ictimaiyyətlə müzakirəyə çıxarılıb”.
Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatlarına əsasən, ölkədə tələbələrin 65 faizi ödənişli əsaslarla təhsil alır:
“Bu, Avropa ölkələri ilə müqayisədə çox yüksək göstəricidir. Məsələn, Almaniyada təhsil ödənişsizdir, Fransa və Skandinaviya ölkələrində isə ya minimal rüsum var, ya da yüksək təqaüd və kredit sistemləri mövcuddur. Azərbaycan isə təhsil xərclərini tələbənin üzərinə yükləməklə, sosial bərabərliyi və təhsilə çıxış imkanlarını məhdudlaşdırır. Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ali təhsil ocaqlarının ödənişləri artırıb-artırmayacağı isə sual altındadır. Çünki universitetlər son illərdə maliyyə müstəqilliyi əldə etdikcə, təhsil haqqı artımı ilə bağlı daha çox qərarı özləri verməyə başlayıblar. Bu isə sistemli və dövlət səviyyəsində vahid siyasətin olmamasını göstərir. Elm və Təhsil Nazirliyi bu məsələdə nə koordinasiya aparır, nə də universitetlərə təklif olunan xidmətlərə uyğun standartlar müəyyənləşdirir. Nəticədə hər universitet fərdi qərar verir, bu da təhsilin vahid maliyyələşmə siyasətini pozur və tələbələrin vəziyyətini daha da çətinləşdirir”.
K.Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə ciddi marifləndirmə işi, planı və proqnozu yoxdur:
“Təhsil haqlarının artması ilə bağlı nə ictimai dinləmələr keçirilir, nə tələbələrə izah edilir ki, bu artım hansı xidmətlərin yaxşılaşmasına səbəb olacaq. Universitetlərə ayrılan büdcə vəsaitlərinin azaldılması, maliyyə yükünün tələbənin üzərinə keçirilməsi ilə bağlı gizli siyasət aparılır. Dövlətin ali təhsilin maliyyələşdirilməsində rolunu artırması, təhsil haqlarına limit qoyulması, şəffaf maliyyə siyasəti və sosial dəstək mexanizmlərinin tətbiqi təcili və qaçılmaz zərurətə çevrilib. Əks təqdirdə, ali təhsil sistemi kommersiya obyektinə çevriləcək və cəmiyyətin təhsil yolu ilə inkişaf imkanları getdikcə zəifləyəcək”.