Bütün diqqətlər ABŞ-da: İyun ayı həlledici olacaq - İlham Əliyev və Nikol Paşinyan sülh üçün bir araya gəlir!

İyun ayında ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi ilə bağlı gözləntilər artıb. Vaşinqtonun son dövrlərdə həm Bakı, həm də İrəvanla münasibətlərini aktivləşdirməsi bu görüşün sülh prosesi baxımından xüsusi əhəmiyyət daşıya biləcəyi barədə müzakirələri gücləndirib. Bəs ABŞ-ın regionda artan fəallığı Azərbaycan-Ermənistan münasibətlərində hansı yeniliklərə yol aça bilər?

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, ABŞ-ın Azərbaycan və Ermənistanla əməkdaşlığı getdikcə güclənir. Onun sözlərinə görə, Vaşinqtonun iki Cənubi Qafqaz ölkəsi ilə münasibətlərinin dərinləşməsi Azərbaycan-Ermənistan sülh prosesində yeni inkişafların baş verməsi ehtimalını da artırır.

Politoloq qeyd edib ki, son həftələr və aylar ərzində ABŞ-Azərbaycan və ABŞ-Ermənistan münasibətlərində baş verən hadisələr bu fikrin əsaslı olduğunu göstərir.

“Artıq Azərbaycanla ABŞ arasında iqtisadi dialoq platforması ilk dəfə fəaliyyətə başlayıb. Bu platforma çərçivəsində tərəflər arasında bir sıra mühüm sazişlər, o cümlədən kritik minerallar və nadir torpaq elementləri ilə bağlı sənədlər imzalanıb. Bakı Enerji Həftəsinə ABŞ Prezidenti Donald Tramp xüsusi məktub ünvanlayıb və Azərbaycanın enerji sahəsindəki rolunu yüksək qiymətləndirib”, – deyə A.Quliyev vurğulayıb.

O bildirib ki, Ermənistan da ABŞ-la yenilənmiş strateji tərəfdaşlıq xartiyası imzalayıb və bu, iki ölkə arasında münasibətlərin prinsip və keyfiyyət baxımından yeni mərhələyə daxil olacağından xəbər verir.

“Bütün bunlar onu göstərir ki, Trampın Azərbaycan Prezidentinə ünvanladığı məktubda qeyd olunan yeni təşəbbüslər yaxın dövrdə konkret addımlarla müşayiət oluna bilər. Bu baxımdan şübhə etmirəm ki, iyun ayı ərzində, Ermənistanda seçkilərdən sonra Azərbaycan və Ermənistan liderlərinin ABŞ-ın iştirakı ilə yeni görüşü və prinsipial razılaşmaları mümkündür”, – politoloq bildirib.

Aydın Quliyevin fikrincə, ABŞ Ermənistanda Nikol Paşinyan hakimiyyətinin seçkilərdə qalib gəlməsində maraqlı olduğunu açıq şəkildə nümayiş etdirib.

“ABŞ dövlət katibinin Ermənistana səfəri də təsadüfi deyil. Bu səfər Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi istiqamətində təzyiqlərini artırdığı bir dövrdə baş verib. Buna görə də Ermənistandakı seçkilərdən sonra ABŞ-ın region siyasətində yeni mərhələnin şahidi ola bilərik”, – deyə o qeyd edib.

Politoloq hesab edir ki, yüksək səviyyəli üçtərəfli görüşün ABŞ-da keçirilməsi ehtimalı kifayət qədər yüksəkdir.

“Böyük ehtimalla ABŞ-da baş tutacaq üçtərəfli görüş zamanı sülh sazişinin yekun variantı üzrə ciddi razılaşmalar əldə oluna, hətta sənədin imzalanması da mümkün ola bilər. Belə bir sülh sazişi Cənubi Qafqazda yeni dövrün başlanğıcını ifadə edəcək”, – A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, iyun ayı ərzində ABŞ-da Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi ilə bağlı indiyədək görülən addımlardan keyfiyyətcə fərqlənən yeni təşəbbüslərin ortaya çıxması real görünür.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki