Mənim “Mədəniyyət” kanalından ayrılmağım yalandır.
Referans Media xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.
“Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri etikdir”, – o bildirib.
Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
***
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Mədəniyyət kanalında rəhbər vəzifədə dəyişiklik olub.
Referans Media konkret.az-a istinadla xəbər verir ki, AzTV sədri Rövşən Məmmədovun əmri ilə “Mədəniyyət” kanalının direktoru Dilarə Səlim vəzifəsindən azad edilib.
Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.
Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb.
Dilarə Səlim 2024-cü ilin yanvarında “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin olunub.
