Son günlər Azərbaycanda müşahidə olunan kəskin istilər, bəzi bölgələrdə güclü külək, tozlu hava və qeyri-sabit meteoroloji şərait iqlim dəyişikliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəs bu hava hadisələri iqlim dəyişikliyinin təsirlərinin gücləndiyini göstərirmi?
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, hazırda müşahidə olunan hava şəraiti iqlim dəyişikliyinin göstəricisi hesab edilə bilməz.
Onun sözlərinə görə, hətta müşahidə olunan tozlu hava da iqlim dəyişikliyinin nəticəsi deyil:
“Hazırkı vəziyyət, yəni hava durumu qətiyyən iqlim dəyişikliyinin bir göstəricisi deyil. Hətta toz gəlsə belə, bu da iqlim dəyişikliyinin nəticəsi deyil. Çünki toz daha çox öz ərazimizdə formalaşır, kənardan gəlmir.”
Ekoloq qeyd edib ki, mövcud hava şəraiti mövsüm üçün xarakterikdir və narahatlığa əsas vermir.
“Yay fəslidir, hava istidir. Küləklər də Bakıya və Abşeron yarımadasına xas olan yerli küləklərdir, gəlib keçir. Regionlarda isə elə də güclü küləklər olmur. Olanda da müvəqqəti xarakter daşıyır və bunun iqlim dəyişikliyi ilə qətiyyən əlaqəsi yoxdur.”
Qorxmaz İbrahimovun fikrincə, son günlər müşahidə olunan isti hava, külək və tozlu şərait təbii mövsümi proseslərdir və bunları iqlim dəyişikliyinin birbaşa nəticəsi kimi qiymətləndirmək düzgün deyil.
Gülnaz Abdullazadə
