Hazırda ABŞ dollarının qlobal bazarlarda ehtiyat və yığım valyutası kimi mövqeyinin zəiflədiyi müşahidə olunur. Xüsusilə 2025-ci ilin əvvəlindən etibarən ABŞ-də formalaşan yeni administrasiyanın həyata keçirdiyi qeyri-ənənəvi və proqnozlaşdırılması çətin iqtisadi siyasətlər bu prosesi sürətləndirən əsas amillər sırasında göstərilir.
Referans Media-ya açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, gömrük rüsumları, ticarət müharibələri, fiskal ekspansiya və Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyinə mümkün müdaxilələrlə bağlı risklər dolların gələcək taleyi ilə bağlı narahatlıqları artırır. İqtisadçı bildirib ki, ABŞ administrasiyasının açıq şəkildə “güclü dolların artıq prioritet olmadığı” mesajı verməsi bu riskləri daha da gücləndirir. Onun sözlərinə görə, növbəti mərhələdə faiz dərəcələrinin azaldılması və yumşaq pul siyasəti dolların dəyərsizləşməsi ehtimalını artırır.
Bu şəraitdə qlobal bazar iştirakçıları, xüsusilə mərkəzi banklar və hökumətlər alternativ yığım vasitələrinə yönəlməyə başlayıb. İqtisadçının fikrincə, hazırkı mərhələdə bu istiqamətdə avro və qızıl ön plana çıxır.
Rəşad Həsənov qeyd edib ki, yuan hələlik bazarda ciddi ehtiyat valyuta payı qazana bilmir. Bunun əsas səbəbləri Çin iqtisadiyyatının ixraca yönümlü olması və yuanın məzənnəsinin rəqabət qabiliyyəti üçün daim tənzimlənməsi, eləcə də ölkənin siyasi sisteminin orta və uzunmüddətli risklər yaratmasıdır. Bu amillər Çin valyutasını yığım vasitəsi kimi cəlbedici etmir.
İqtisadçının sözlərinə görə, buna qarşılıq avro daha güclü potensiala malikdir. Onun arxasında şəffaf qərarvermə mexanizmləri, müstəqil mərkəzi bank siyasəti və güclü iqtisadi baza dayanır. Son dövrlərdə avronun məzənnəsinin möhkəmlənməsi qısa və orta müddətdə bu valyutaya marağı artırıb və avro ehtiyat valyuta kimi bazar payını genişləndirir.
Rəşad Həsənov əlavə edib ki, qızıl da ehtiyat yığım vasitəsi kimi mövqeyini gücləndirir. Onun sözlərinə görə, növbəti 12 ay ərzində mərkəzi bankların qızıla tələbatının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Son bir ildə bu tendensiya artıq müşahidə olunub. Ən böyük alıcılardan biri Çin Mərkəzi Bankı olsa da, digər ölkələrin, o cümlədən Azərbaycanın da qızıl ehtiyatlarını artırması diqqət çəkir.
İqtisadçı vurğulayıb ki, geosiyasi risklər, ABŞ administrasiyasının siyasəti və qlobal iqtisadi mühitin proqnozlaşdırılmasının çətinləşməsi qızıla yatırımları artırır. Nəticədə qızıl hazırda ehtiyat yığım vasitəsi kimi mövqeyini möhkəmləndirir. Onun sözlərinə görə, son bir il ərzində qızılın qiyməti təxminən 76 faiz artıb, 2026-cı il üçün isə bir unsiya üzrə 6 min dollar səviyyəsi proqnozlaşdırılır.
Rəşad Həsənov bildirib ki, mövcud siyasətlər dəyişməzsə və ya ABŞ-də siyasi balansda dönüş baş verməzsə, növbəti mərhələdə dolların qlobal mövqeyinin daha da zəifləməsi, bunun əvəzində isə avro və qızılın bazar payının artması ehtimalı yüksəlir.
Gülnaz Abdullazadə
