Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxs müsabiqədə iştirak etmədən bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə bilər.
Referans Media xəbər verir ki, bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, bunun üçün həmin şəxs dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur.
Dövlət orqanının rəhbəri həmin şəxsi vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajorluq və sınaq müddəti ərzində qulluq keçməsi və daimi əsaslarla inzibati vəzifəyə təyin edilməsi ilə bağlı məsələlər bu Məcəllənin 29-cu maddəsi (vakant vəzifəyə təyin edilmə) ilə tənzimlənir.
Yardımçı vəzifələrin tutulması müvafiq dövlət orqanı rəhbərinin qərarı əsasında birbaşa təyinat və ya qulluqda yüksəliş əsasında həyata keçirilir.
