Vəzifədən çıxarılan nazirin DOSYESİ: Elxan Nəcəfov kimdir?

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Tarqulu oğlu Nəcəfov vəzifəsindən azad edilib.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan MR təhsil naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elxan Nəcəfov 2024-cü ilin may ayında Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilmişdi.

Musavat.com Elxan Nəcəfovun dosyesini təqdim edir:

Elxan Tarqulu oğlu Nəcəfov 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Magistratura təhsilini 2016-cı ildə başa vurduqdan sonra AMEA-nın doktoranturasına qəbul olub.

Əmək fəaliyyətinə ümumtəhsil məktəbində müəllim kimi başlayan Nəcəfov daha sonra “Hədəf” Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb. O, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində müəllim kimi fəaliyyət göstərib.

2016-2020-ci illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində işləyib.

2021-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri təyin olunub.

Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib, elmi məqalələri nüfuzlu yerli və xarici jurnallarda dərc olunub. O, həmçinin müəllimlərin peşəkar inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icrasında iştirak edib.

Elxan Nəcəfov ümumtəhsil müəssisələrində istifadə olunan Azərbaycan dili dərsliklərinin redaktorlarından biri olub. 2014-cü ildən Təhsil Nazirliyində Azərbaycan dili dərsliklərinin qiymətləndirilməsi və ekspertizası üzrə ekspert və rəyçi kimi fəaliyyət göstərib.

O, dərslik və dərs vəsaitlərinin müəllifi, eləcə də müxtəlif lüğətlərin tərtibçisi kimi tanınır.

Nəcəfov bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində də çalışıb.

Elxan Nəcəfov ailəlidir, iki övladı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki