Şimali Kipr Türk Cümhuriyyətində müşahidə olunan ekstremal isti hava şəraiti səbəbindən açıq havada və birbaşa günəş şüaları altında işləməyə müvəqqəti qadağa qoyulub. Qərara əsasən, 5–15 avqust tarixləri arasında hər gün saat 12:00-dan 16:00-dək açıq ərazilərdə iş aparılmasına icazə verilməyəcək.
Referans Media xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti Əmək və Sosial Təminat Nazirliyinin yaydığı məlumata görə, qərarın məqsədi yüksək temperaturun yaratdığı günvurma, orqanizmin həddindən artıq maye itirməsi və digər sağlamlıq risklərinin qarşısını almaqdır.
Nazirlik işəgötürənləri müəyyən olunmuş saatlara ciddi əməl etməyə və əməkdaşların sağlamlığının qorunması üçün bütün zəruri tədbirləri görməyə çağırıb.
Kənd təsərrüfatı və tikintidə iş saatları dəyişdiriləcək
Məlumata əsasən, yaşayış məntəqələrindən kənarda həyata keçirilən kənd təsərrüfatı və tikinti işlərində fəaliyyətin davam etdirilməsi üçün işə başlama saatları daha erkən vaxta keçirilə bilər.
Bununla yanaşı, tikinti sahələrinə hazır betonun, tikinti materiallarının və ağır texnikanın daşınması və çatdırılması vaxtları da işəgötürənlər tərəfindən yenidən tənzimlənəcək.
Qadağa 15 avqusta qədər qüvvədə olacaq
Açıq havada işləməyə qoyulan məhdudiyyət 15 avqust tarixinədək davam edəcək. Səlahiyyətli qurumlar bildiriblər ki, hava şəraitinin inkişafından asılı olaraq əlavə tədbirlər və yeni qərarlar qəbul oluna bilər. İşəgötürənlərdən tətbiq olunan qaydalara riayət etmələri və işçilərin təhlükəsizliyinə xüsusi diqqət yetirmələri istənilib.
