ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi FIFA 2026 Dünya Kubokunda komandaların qazandığı mükafat pulları bəlli olub. 48 milli komandanın mübarizə apardığı turnirdə rekord məbləğdə pul mükafatı paylanıb. Finalda Argentinanı məğlub edərək dünya çempionu olan İspaniya isə ən böyük payın sahibi olub.
Referans MEDİA xəbər verir ki, FIFA 2026 Dünya Kuboku üçün ümumilikdə 871 milyon dollar məbləğində mükafat fondu ayırıb. Turnirin geniş coğrafiyada keçirilməsi, komandaların səfər və yerləşmə xərclərinin artması səbəbindən büdcəyə əlavə vəsait də daxil edilib.
Hər komanda ən azı 12,5 milyon dollar qazandı
Dünya Kubokunda iştirak edən 48 milli federasiyanın hər biri turnirə qatıldığı üçün minimum 12,5 milyon dollar gəlir əldə edib. Bu məbləğin 2,5 milyon dolları hazırlıq xərcləri üçün əvvəlcədən ödənilib, 10 milyon dollar isə qrup mərhələsində iştirak haqqı kimi müəyyənləşdirilib.
FIFA həmçinin komandaların maliyyə yükünü azaltmaq üçün federasiyaların nümayəndə heyətlərinin uçuş, otel, yemək və daxili nəqliyyat xərclərinin bir hissəsini də qarşılayıb.
Çempion İspaniyaya 51 milyon dollar
Turnirin qalibi olan İspaniya rekord mükafat fondundan ən böyük payı götürüb. Finalda Argentinanı məğlub edən ispanlar 51 milyon dollar qazanıb.
Finalda uduzan Argentina isə 34 milyon dollar mükafat əldə edib. Üçüncü yeri tutan İngiltərə 30 milyon dollar, dördüncü olan Fransa isə 28 milyon dollar gəlir əldə edib.
Dünya Kubokunun mükafat bölgüsü:
Çempion İspaniya – 51 milyon dollar
2-ci yer Argentina – 34 milyon dollar
3-cü yer İngiltərə – 30 milyon dollar
4-cü yer Fransa – 28 milyon dollar
1/4 finalçılar – 20 milyon dollar
1/8 finalçılar – 16 milyon dollar
Son 32 mərhələsində mübarizəni dayandıranlar – 12 milyon dollar
Qrup mərhələsində çıxanlar – 10 milyon dollar (+ hazırlıq ödənişi)
Türkiyə 12,5 milyon dollar qazandı
Dünya Kubokunda qrup mərhələsində mübarizəni başa vuran Türkiyə millisi də iştirak haqqı və hazırlıq ödənişi ilə birlikdə 12,5 milyon dollar gəlir əldə edib.
Eyni məbləği Cənubi Koreya, Çexiya, Qətər, Şotlandiya, Haiti, İran, Yeni Zelandiya, Uruqvay, Səudiyyə Ərəbistanı və digər qrup mərhələsində mübarizəni dayandıran komandalar da qazanıb.
Rekord mükafatlara baxmayaraq müzakirələr davam edir
Dünya Kubokunda ayrılan məbləğ rekord səviyyəyə çatsa da, bəzi futbol rəsmiləri bu rəqəmlərin klub futbolundakı gəlirlərlə müqayisədə aşağı olduğunu bildiriblər.
Mütəxəssislərin fikrincə, milli komandalar üçün ayrılan mükafatlar artan gəlirlərə baxmayaraq, Avropanın böyük klublarının qazandığı məbləğlərlə müqayisədə hələ də geridə qalır.
