Dünya nəfəsini tutdu: Tramp Hürmüz boğazı ilə bağlı böyük razılaşmanı anons etdi

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı nikbin mesaj verib. O bildirib ki, gələn həftə İranla atəşkəsin uzadılması və strateji əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan razılaşma əldə edilə bilər.

Referans Media xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər arasında danışıqlar sürətlə davam edir və diplomatik həll variantları müzakirə olunur. O, İranın ABŞ-la təmasları dayandırdığı barədə yayılan məlumatları da təkzib edərək əlaqələrin davam etdiyini vurğulayıb.

ABŞ lideri qeyd edib ki, danışıqlarda əsas müzakirə mövzularından biri Hörmüz boğazında gəmiçiliyin bərpası və bölgədə sabitliyin təmin edilməsidir. Bununla yanaşı, İranın nüvə proqramı və boğazdan keçən gəmilərlə bağlı məsələlər də müzakirə predmetidir.

Tramp açıqlamasında İranın danışıqları uzatmasının Vaşinqton üçün problem yaratmadığını bildirib:

“İranla danışıqlar sürətlə davam edir. Bəzən az danışmaq daha faydalıdır. Bu, hərbi əməliyyatlara başlayacağımız anlamına gəlmir. Sadəcə təzyiq və blokada davam edir.”
ABŞ Prezidenti həmçinin Benyamin Netanyahu ilə telefon danışığı apardığını açıqlayıb. Onun sözlərinə görə, tərəflər arasında keçirilən görüşdə Beyruta qoşun göndərilməməsi barədə razılıq əldə olunub.

Tramp əlavə edib ki, vasitəçilər üzərindən Hizbullah nümayəndələri ilə də təmaslar olub və qarşıdurmaların dayandırılması istiqamətində müsbət nəticələr əldə edilib. O bildirib ki, tərəflər qarşılıqlı hücumların dayandırılması ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, İran mətbuatında İsrailin Livandakı əməliyyatları səbəbindən Tehranla Vaşinqton arasında mesaj mübadiləsinin dayandırıldığı barədə xəbərlər yayılmışdı. İran tərəfi Qəzza və Livandakı hücumların dayandırılmasını əsas şərt kimi irəli sürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki