ABŞ, Rusiya və Çin prezidentlərinin üçtərəfli görüşü beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Dünyada davam edən müharibələr, geosiyasi qarşıdurmalar və böyük dövlətlər arasında artan rəqabət fonunda bu görüşün hansı nəticələrə gətirib çıxaracağı maraq doğurur. Tərəflər mövcud münaqişələrin həlli istiqamətində razılığa gələ biləcəklərmi, yoxsa dünya yeni siyasi bloklaşma mərhələsinə qədəm qoyacaq?
Referans Media-ya açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, hazırda dünyada baş verən münaqişələrin əksəriyyətində bu üç tərəfin maraqları və iştirakı müşahidə olunur.
Onun sözlərinə görə, Rusiya Ukrayna cəbhəsində birbaşa iştirak edir, ABŞ isə İran istiqamətində proseslərdə iştirakçıdır. Çin də hər iki cəbhədə maraqlıdır və bu məsələlərdə ABŞ-ın qarşısında mövqe tutur.
Ekspert qeyd edib ki, indiki mərhələdə dünyada baş verən proseslər nəzərə alındıqda, üç liderin görüşü kifayət qədər əhəmiyyətlidir. Görüşün əsas əhəmiyyəti isə tərəflərin bir-birinə qarşı qırmızı xətlərini müəyyənləşdirməsi ilə bağlıdır:
“Bəzi insanlar görüşün nəticəsində dünyanın bu üç ölkə arasında bölünəcəyini və ya həmin dövlətlərin dünyanın bölünməsi prosesində iştirak edəcəyini düşünürlər. Amma mən hesab edirəm ki, bu mərhələdə tərəflərin hər biri açıq şəkildə bir-birinə qırmızı xətlərini elan edəcək və bundan sonrakı mərhələdə proseslərin necə inkişaf edəcəyini aydın şəkildə görəcəyik”.
Səxavət Məmmədin fikrincə, Rusiya-Ukrayna müharibəsində böyük ehtimalla ABŞ tərəfi geri addım atacaq. Onun sözlərinə görə, Vaşinqton artıq müəyyən mənada geri çəkilib və bu istiqamətdə fərqli yanaşmalar ortaya çıxır.
Ekspert əlavə edib ki, ABŞ hazırda düşdüyü çətin vəziyyətdən çıxmaq üçün İran istiqamətində də fəallığını artırır. Onun sözlərinə görə, bölgəyə qoşunların cəmləşdirilməsi və “Ruzvelt” aviadaşıyıcısının gətirilməsi bu baxımdan diqqət çəkir. Səxavət Məmməd hesab edir ki, xüsusi bir hal baş verməsə, ayın sonlarına doğru İran istiqamətində daha genişmiqyaslı əməliyyatlar baş verə bilər.
Hərbi ekspert diqqətə çatdırıb ki, bu üç dövlətin mövqeyi digər ölkələrin beynəlxalq proseslərdəki rolunu da məhdudlaşdırır. Onun fikrincə, Avropa İttifaqı proseslərdə iştirak etməyə çalışsa da, faktiki olaraq kənarda qalır.
“Faktiki olaraq dünyada baş verən bütün proseslərdə yalnız bu üç ölkənin söz sahibi olduğunu görürük. Avropa İttifaqı bu prosesin içərisində görünmür. Hesab edirəm ki, bu görüşlərdən sonra dünyada qloballaşma anlayışı getdikcə zəifləyəcək və bloklaşma anlayışı ön plana çıxacaq. Kiçik bloklar indiki mərhələdə daha effektiv, daha çevikdir və real vəziyyəti dəyərləndirərək hərəkət edə bilirlər”.
Səxavət Məmmədin qənaətinə görə, qarşıdakı dövrdə müharibələrin coğrafiyası daralmayacaq, əksinə, müəyyən mənada genişlənə bilər. O bildirib ki, münaqişələrdə iştirak edən və onlardan qazanc əldə edən tərəflər dünyanın bölünməsi prosesində daha böyük rol oynaya bilərlər.
Ekspert siyasi xəritələrdə də dəyişikliklərin baş verməsi ehtimalını istisna etməyib:
“Bəzi ölkələr itirəcəklər, müharibələrdən qazanc əldə edən ölkələr isə daha da aqressivləşəcək, güclənəcək və təsir dairələrini artıracaqlar. Bütün bu proseslərdə əsas iştirakçılar məhz bu üç ölkə olacaq”.
Hərbi ekspert hesab edir ki, mövcud münaqişələrin sadəcə dondurulması onların gələcəkdə yenidən aktivləşməsinə səbəb ola bilər. Buna görə də hazırkı mərhələdə münaqişələrin davam edəcəyi və proseslərin tamamilə, kökündən həll olunacağı ehtimalının aşağı olduğu qənaətindədir.
