Türkiyədən Aİ-yə Şengen viza prosedurlarının sadələşdirilməsi çağırışı

Türkiyə Şengen vizası üçün müraciət prosesində yaşanan problemlərin aradan qaldırılması məqsədilə Avropa İttifaqına (Aİ) bir sıra təkliflər təqdim edib. Ankara görüşlərin sürətləndirilməsi, sənəd tələblərinin azaldılması və müraciətlərə daha qısa müddətdə baxılmasını istəyir.

Türkiyə, Aİ ilə Viza Sərbəstliyi Dialoqunun başa çatdırılaraq vətəndaşlarının Şengen məkanına vizasız səfər etməsini əsas hədəf kimi saxladığını, bu məqsəd reallaşana qədər isə mövcud viza prosedurlarının sadələşdirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

Bu çərçivədə noyabrın 18-də Ankarada keçirilən Yerli Şengen Əməkdaşlığı (LSC) qrupunun iclasında Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri, Şengen ölkələrinin Türkiyədəki diplomatik missiyaları, Avropa İttifaqının nümayəndəliyi və Avropa Komissiyasının rəsmiləri bir araya gəlib.

İclas zamanı Türkiyə tərəfi Aİ ilə yüksək inteqrasiya səviyyəsini vurğulayaraq Şengen vizası prosesində mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı gözləntilərini səsləndirib.

Ankara xüsusilə:
- viza üçün görüş (randevu) əldə edilməsinin asanlaşdırılmasını;
- müraciətlərə baxılma müddətinin qısaldılmasını;
- tələb olunan sənədlərin sayının azaldılmasını;
- əvvəllər Şengen vizası almış şəxslər üçün prosedurların sadələşdirilməsini istəyib.

Bununla yanaşı, Türkiyə çoxgirişli və daha uzunmüddətli vizaların verilməsinə imkan yaradan Kaskad Viza Sistemi mexanizminin daha geniş tətbiq olunmasını da təklif edib.

Ankara həmçinin Aİ ilə ticarətin fasiləsiz davam etməsi üçün türk TIR sürücülərinin Şengen zonasına maneəsiz girişinin təmin edilməsinin və onların qalma müddəti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki