Sürücüləri sevindirəcək dəyişiklik gözlənilir: Azərbaycanda avtomobillər ucuzlaşacaq?

Azərbaycanda avtomobillərin yerli istehsalını təşviq etmək məqsədilə tətbiqi nəzərdə tutulan ƏDV və gömrük güzəştləri avtomobil bazarında yeni imkanlar yarada bilər. Lakin bu güzəştlərin yerli yığım avtomobillərinin qiymətinə, xarici avtomobillərlə rəqabət qabiliyyətinə və ölkənin sənaye potensialına necə təsir edəcəyi müzakirə mövzusudur. Bəs vergi və gömrük güzəştləri avtomobillərin ucuzlaşmasına səbəb olacaqmı? Yerli avtomobil sənayesinin inkişafı üçün hansı addımlar atılmalıdır?

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda avtomobil istehsalına ƏDV və gömrük güzəştlərinin tətbiqi yerli avtomobil sənayesinin inkişafına müəyyən təkan verə bilər.

Onun sözlərinə görə, bu güzəştlər istehsalçıların xərclərini azaldacaq, xüsusilə xaricdən gətirilən ehtiyat hissələrinin və komplektləşdirici detalların maya dəyərinin aşağı düşməsinə şərait yaradacaq. Nəticədə yerli yığım avtomobillərinin qiymətində müəyyən ucuzlaşma baş verə bilər.

“Ancaq bu güzəştlərin avtomatik olaraq avtomobillərin ucuzlaşacağına gətirib çıxaracağını düşünmək düzgün olmaz. Çünki qiymətə istehsalın miqyası, logistika, əməkhaqqı, texnologiya və digər xərclər də təsir göstərir.

Əsas məsələ Azərbaycanda avtomobil istehsalının hansı səviyyədə təşkil olunacağıdır. Əgər söhbət yalnız xaricdən gətirilən hazır hissələrin ölkədə birləşdirilməsindən gedirsə, bunun iqtisadiyyata əlavə dəyəri məhdud olacaq. Yerli istehsalın inkişafı üçün tədricən ehtiyat hissələrinin, mühərrik və digər komponentlərin ölkə daxilində istehsalına keçmək, bu sahəyə yerli sahibkarları cəlb etmək lazımdır. Eyni zamanda, istehsalın həcmi artırılmalıdır ki, müəssisələr miqyas iqtisadiyyatından faydalana bilsinlər”.

İqtisadçı qeyd edib ki, yerli yığım avtomobillərinin xaricdən gətirilən avtomobillərlə rəqabət aparması təkcə vergi güzəştlərindən asılı deyil. Burada keyfiyyət, təhlükəsizlik, yanacaq sərfiyyatı, texniki xidmət xərcləri, ehtiyat hissələrinin əlçatanlığı və avtomobilin ikinci əl bazarında dəyərini qoruması da mühüm rol oynayır.

“İstehlakçı yalnız ucuz olduğuna görə yerli avtomobilə üstünlük verməyəcək. Məhsul həm də keyfiyyət və etibarlılıq baxımından rəqabətqabiliyyətli olmalıdır.

Dövlətin bu güzəştləri tətbiq etməsinin iqtisadi məntiqi ondan ibarətdir ki, ilkin mərhələdə büdcə müəyyən vergi və gömrük gəlirlərindən imtina etsə də, uzunmüddətli perspektivdə yeni müəssisələr, iş yerləri, yerli təchizat zənciri və əlavə vergi mənbələri yarana bilər. Eyni zamanda, idxaldan asılılığın müəyyən qədər azalması və sənaye istehsalının şaxələndirilməsi mümkün olar.

Lakin güzəştlər daimi himayə mexanizminə çevrilməməli, konkret istehsal və lokallaşma göstəriciləri ilə əlaqələndirilməlidir. Əks halda, dövlət büdcəsi güzəştlər hesabına itkilərə məruz qala, amma ölkədə real avtomobil sənayesi formalaşmaya bilər.

Ona görə də əsas hədəf sadəcə avtomobil yığmaq deyil, Azərbaycanda rəqabətqabiliyyətli avtomobil sənayesi yaratmaq olmalıdır. Güzəştlərin səmərəliliyi də məhz bu məqsədə nə dərəcədə xidmət etməsi ilə ölçülməlidir”.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki