Əhali üçün PİS XƏBƏR: Vətəndaşları qışda ikiqat xərc gözləyir

Son günlər Azərbaycanda havanın mövsüm normalarından kənar isti keçməsi və qarşıdakı qışın sərt olacağı ilə bağlı ehtimallar müzakirə edilir. Qış aylarında kəskin soyuqların və uzunmüddətli şaxtaların müşahidə olunması kənd təsərrüfatına, enerji istehlakına və ərzaq bazarına necə təsir göstərə bilər? Temperaturun aşağı düşməsi istilik və elektrik enerjisi xərclərinin, eləcə də ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb ola bilərmi? Bəs bu amillər inflyasiyaya və əhalinin xərclərinə necə təsir edəcək?

Referans Media-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, qarşıdakı qış aylarında havanın kəskin soyuması və uzunmüddətli şaxtaların müşahidə olunması Azərbaycan iqtisadiyyatına müəyyən təsirlər göstərə bilər.

Onun sözlərinə görə, ilk növbədə, kənd təsərrüfatı sahəsində risklər arta bilər. Şaxtalar meyvə bağlarına, tərəvəz əkinlərinə və digər bitkilərə zərər vuraraq məhsuldarlığın azalmasına səbəb ola bilər. Eyni zamanda, istixana təsərrüfatlarında istilik xərclərinin artması məhsulun maya dəyərini yüksəldəcək.

Ekspert qeyd edib ki, bu proseslər ərzaq bazarında da özünü göstərə bilər. Yerli istehsalın azalması və daşınma xərclərinin yüksəlməsi müəyyən məhsulların, xüsusilə meyvə-tərəvəzin qiymətinə əlavə təzyiq yarada bilər. Belə bir vəziyyətdə idxaldan asılılıq da arta bilər.

Günay Hüseynova bildirib ki, digər tərəfdən, sərt şaxtalar zamanı təbii qaz və elektrik enerjisinə tələbatın yüksəlməsi gözləniləndir. Bu, əhalinin kommunal xərclərini artıra bilər. Lakin enerji istehlakının artması ilə tariflərin yüksəlməsini fərqləndirmək lazımdır. Tariflərin dəyişməsi ayrıca dövlət qərarından asılıdır.

İnflyasiya baxımından əsas riskin enerji, istehsal və logistika xərclərinin artmasının son nəticədə məhsul qiymətlərinə ötürülməsi olduğunu deyən ekspert vurğulayıb ki, xüsusilə ərzaq məhsullarında təklifin azalması qiymət artımını sürətləndirə bilər.

Onun sözlərinə görə, bu vəziyyət aşağı gəlirli ailələrin büdcəsinə daha ciddi təsir göstərəcək. Çünki həmin ailələrin xərclərində ərzaq və kommunal xidmətlərin payı yüksəkdir.

Günay Hüseynova hesab edir ki, sərt qışın avtomatik olaraq ciddi inflyasiyaya səbəb olacağını düşünmək düzgün deyil. Burada əsas amil ölkənin ərzaq ehtiyatları, idxal imkanları, daxili istehsalın davamlılığı və enerji sisteminin hazırlığıdır.

Ekspert qeyd edib ki, vaxtında qabaqlayıcı tədbirlər görülərsə, mümkün qiymət artımlarının və iqtisadi itkilərin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkündür.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki