İşə qəbul adı altında namizədləri pulsuz işlədən şirkətlər – 25 min cəriməsi var!

İşə qəbul zamanı tez-tez rast gəlinən, hər nə qədər böyük şirkətlərə, əmək bazarına yaraşmasa da sui-istifadə halları olur. Kifayət qədər ciddi bir problem olan belə hallar xüsusilə bir müddət əvvələ qədər tərcümə şirkətlərində rast gəlinirdi.

Xoşbəxtlikdən texnologiyanın sürətli inkişafı və çoxfunksiyalı tətbiqlər vasitəsilə daha belə tərcümə qurumlarına ehtiyac qalmadı. Amma problemin özü qalmaqda davam edir. Çox işlək mexanizm də qurublar. Deməli, şirkət vakaniya elan edir və müsahibəyə gələn savadlı, peşəkar namizədi guya yoxlamaq məqsədilə tapşırıq verir: sənədlərin tərcüməsi, yoxlanılması, hazırlanması, yığılıb qalmış işlərin sistemləşdirilməsi  və s.
 

Namizəd bunun üçün bir və ya bir neçə gününü sərf edib işi tamamlayır.  Nəticədə isə “Siz uyğun namizəd deyilsiniz” cavabını eşidir. Sonradan isə şirkət həmin həll edilmiş sənəd və ya digər işlərdən real olaraq yararlanır. Belə olduqda bu, əməkdən müqaviləsiz, ödənişsiz sui-istifadə halı yaranır.


Əlbəttə ki, namizədin yoxlanıması mütləqdir. Amma peşəkar bacarığın yoxlanılması üçün qısa, şərti və bütün namizədlərə eyni həcmdə verilən tapşırıq yetərlidir. Başqa sözlə, namizədin gördüyü iş şirkətə kommersiya faydası verirsə və namizədin əməyindən faktiki istifadə edilirsə, bu, pulsuz əmək istismarı məsələsini gündəmə gətirir.

Biznes layihəçi Samir Abdullayev mövzu ilə bağlı belə bir tövsiyə edir: namizəd ona verilən işin müddətini və ödənişli olub-olmamasını qabaqcadan soruşmalıdır.  

“Normal şirkət bu sualdan inciməməlidir. Çünki işə qəbul prosesi də şirkətin mədəniyyətini göstərir. Namizədin vaxtına seçim prosesində necə yanaşılırsa,  sabah əməkdaşın vaxtına da çox vaxt elə yanaşacaqlar”.

Bəs əgər pulsuz əmək istismarı faktı sübut olunarsa, şirkəti hansı cəza və ya cərimə gözləyir?

Bu məsələ qanunvericilikdə birbaşa tənzimlənir. Əsas hüquqi norma Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsidir. Şirkətin işə qəbul adı altında şəxsləri əmək müqaviləsi olmadan real işlərin yerinə yetirilməsinə cəlb etməsi sübut olunarsa, şirkət üçün 20000-25000 manatadək inzibati cərimə nəzərdə tutulur.

Belə hallarda namizəd də susmamalıdır. Namizəd tapşırığın sadəcə bilik yoxlaması deyil, real iş olduğunu sübut edərsə ödəniş tələb edə bilər. Bunun üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı şikayət verilməli və şirkətin fəaliyyətinin araşdırılması tələb olunmalıdır./bizim.media/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki