Türkiyə ilə dialoq intensiv və səmərəli şəkildə davam edir.
Referans Media-ın məlumatına görə, bu barədə noyabrın 5-də Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlamentin daimi komitələrinin birgə iclasında, 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Qeyd edib ki, əldə olunan irəliləyişə və müsbət dinamikaya baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı qalmaqdadır. Onun sözlərinə görə, proses elə müsbət bir mərhələyə çatıb ki, “sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması hər an baş verə bilər”. Nazir əminliklə bildirib ki, “sərhədlərin açılması və münasibətlərin – o cümlədən diplomatik münasibətlərin – qurulması Ermənistan iqtisadiyyatına mühüm faydalar gətirəcək”.
Qeyd edək ki, bir müddət öncə A.Mirzoyan Türkiyə ilə sərhədlərin açıla biləcəyini əminliklə söyləmişdi. Bildirmişdi ki, bir gün səhər açılanda sərhədlərin açıldığı xəbərini eşidə bilərik. A.Mirzoyan parlamentdəki çıxışında Ermənistan və Türkiyənin qarşılıqlı ticarətin birbaşa gömrük rəsmiləşdirilməsinə rəsmən start verdiyini də açıqlayıb. Nazirin sözlərinə görə, bura qədər iki ölkə arasında ticarət əməliyyatları texniki olaraq üçüncü dövlətlər üzərindən rəsmiləşdirilirdi. Lakin malların fiziki daşınması hələ də əsasən Gürcüstan marşrutu ilə həyata keçirilir. İrəvan və Ankara arasındakı təmasları "aktiv və məhsuldar" adlandıran Mirzoyan tərəflərin təhsil, tarixi abidələrin bərpası və biznes sahələrində əməkdaşlığı genişləndirdiyini diqqətə çatdırıb. O, növbəti Ermənistan-Türkiyə biznes forumunun 2027-ci ilin əvvəlində Ermənistanda təşkil oluna biləcəyini qeyd edib. Sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası məsələsinə də toxunan Ermənistan XİN rəhbəri prosesin artıq icra mərhələsinə çatdığını vurğulayıb: “İstənilən an sərhədin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində addım ata bilərik”.
Azərbaycanla Ermənistan arasında sülh imzalanmadan, buna qədər Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı Ermənistan Konstitusiyası dəyişdirilmən Türkiyə Ermənistanın üzünə sərhədlərini aça bilərmi?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlaması zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər Türkiyənin Ermənistanla sərhədi açacağını gözləmir: “Çünki belə bir addım Türkiyə-Azərbaycan münasibətlərində mövcud suallara əlavə suallar yaradacaq ki, bu da hər iki dövlətin maraqlarına cavab vermir. Doğrudur, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Prezident İlham Əliyevin belə bir açıqlaması olmuşdu ki, artıq Türkiyə Ermənistanla bağlı siyasətində istənilən qərarı verə, hər hansı addımı ata, diplomatik münasibətləri də qura bilər. Amma Türkiyə rəsmilərinin açıqlamaları var ki, onlar ilk növbədə sülh sazişinin imzalanmasını gözləyirlər. Məncə, Türkiyə rəsmiləri bu mövqedən, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyindən kənara çıxmayacaqlar”. Ermənistan rəsmilərinin Türkiyə ilə sərhədin açılması ilə bağlı nikbin açıqlamalara gəldikdə, E.Şahinoğlunun fikrincə, mövcud vəziyyətdən, yaranmış fürsətdən, necə deyərlər, fürsətdən istifadə etmək təşəbbüsüdür: “Onlar görürlər ki, Azərbaycanla Türkiyə münasibətlərində müəyyən suallar yaranıb. Bundan öz məqsədləri üçün istifadə etmək və Türkiyəyə mesaj göndərmək istəyirlər ki, Azərbaycan amilini nəzərə almadan sərhədi açaq. Amma mənim fikrimcə, Türkiyə Ermənistanla danışıqları davam etdirsə də, bu, normaldır. Türkiyənin həm Azərbaycanla, həm də Ermənistanla təmasları var. Sərhədin açılması məsələsində Türkiyə ehtiyatlı davranacaq. Yenə də təkrar edirəm, Ankara sülh sazişinin imzalanmasını gözləyəcək”.
