İşğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər.
Referans Media xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da dəyişiklik edilib.
Belə ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara məcburi köçkün statusu verilirdi.
Mövcud dəyişikliklə eyni şərtlər məcburi köçkün statusu olan qadınlarla evlənmiş kişilərə də aid ediləcək.
X X X
Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər.
Referans Media xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da dəyişiklik edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarına əsasən, həmin şəxslər üçün aşağıdakı sənədlər tələb ediləcək.
– Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);
– Anasının şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);
– Nikahı pozulmuş şəxslərə münasibətdə nikahın pozulması haqqında şəhadətnamə, nikah olmadığı halda atalığın müəyyən edilməsi haqqında şəhadətnamə;
– Atasının şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
– Atasının “məcburi köçkün” vəsiqəsi və ya məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;
– 2 ədəd 3×4 ölçüdə rəngli (ağ fonda) fotoşəkil.
