Metroda qatarın qəfil dayanması, işıqların sönməsi və ya sərnişinlərə hərəkətin müvəqqəti dayandırıldığının elan edilməsi bir neçə dəqiqə ərzində vaqondakı ab-havanı dəyişə bilər. Xüsusilə tuneldə qalan qapalı vaqonda “nə baş verir?”, “buradan necə çıxacağıq?” sualları insanlarda təşviş yaradır. Halbuki texniki nasazlıq zamanı sərnişinin özü üçün yarada biləcəyi ən böyük təhlükələrdən biri məhz nəzarətsiz davranışdır.
Bakı Metropoliteninin rəsmi tövsiyəsi də birmənalıdır: qatarda texniki nasazlıq yaranarsa, maşinistin və metropoliten əməkdaşlarının göstərişlərinə əməl etmək, qapıları özbaşına açmağa çalışmamaq, təmkinli olmaq lazımdır. Qatarın tuneldə dayanması onun dərhal tərk edilməli olduğu demək deyil. Tuneldə elektrik infrastrukturu və başqa qatarların hərəkəti əlavə təhlükə yarada bilər. Nyu-Yorkun MTA sistemi də fövqəladə vəziyyətdə sərnişinlərə eyni prinsipi tövsiyə edir: heyətin göstərişi olmadan qatarı tərk etməyin.
Panika başlayanda bədəndə nə baş verir?
İnsanın beyni təhlükə hiss etdikdə orqanizmi saniyələr ərzində “döyüş və ya qaçış” vəziyyətinə keçirə bilər. Ürək döyüntüsü sürətlənir, nəfəs tezləşir, tərləmə, titrəmə, başgicəllənmə, sinədə sıxılma, ürəkbulanma və boğulma hissi yarana bilər. Bəzən insan “hava çatmır”, “ürəyim dayanacaq” və ya “huşumu itirəcəyəm” düşüncəsinə qapılır.
Qapalı məkan qorxusu olan insanlarda tunel və metro vaqonu ayrıca tetikleyici ola bilər. NHS-in məlumatına görə, panik atakların əksəriyyəti 5-20 dəqiqə davam edir və özü həyati təhlükəli sayılmır. Problem ondadır ki, onun əlamətləri ürək və digər ciddi xəstəliklərin simptomlarına bənzəyə bilər. Buna görə sinədə güclü ağrı, huşun itməsi və ya vəziyyətin kəskin pisləşməsini avtomatik olaraq “sadəcə panikadır” hesab etmək olmaz.
Qatar tuneldə qaldı – ilk dəqiqələrdə nə etməli?
Ən vacib qayda qapını açmağa, tunelə enməyə və özbaşına çıxış axtarmağa çalışmamaqdır. Mümkündürsə oturmaq və ya dayaqdan möhkəm tutmaq, nəfəsi yavaşlatmaq lazımdır. Burnunuzdan yavaş nəfəs alıb daha uzun müddətdə nəfəsi vermək sürətli nəfəsalmanın qarşısını almağa kömək edə bilər. Diqqəti “burada qalacağıq” kimi qorxulu ssenarilərdən yayındırıb rəsmi elanlara yönəltmək daha düzgündür.
Vaqonda bir nəfərin “qapını açın”, “yanğın var”, “çıxmaq lazımdır” kimi təsdiqlənməmiş çağırışı kollektiv təşviş yarada bilər. Buna görə yalnız maşinist, metropoliten əməkdaşları və fövqəladə xidmətlərin məlumatlarına əsaslanmaq lazımdır. Əgər təxliyə qərarı verilirsə, çıxış da yalnız onların göstərdiyi istiqamətdə həyata keçirilməlidir.
Bakıda sərnişinlərin tuneldən çıxarıldığı hadisə
Belə vəziyyət Azərbaycan metrosu üçün də yalnız nəzəri ssenari deyil. 2026-cı il aprelin 21-də “Ulduz-Nərimanov” mənzilində kabeldə baş verən qısaqapanma nəticəsində təmas relsinə yüksək gərginliyin verilməsi kəsilib. Həmin vaxt xətlərdə 30 qatar olub, tuneldə qalan dörd qatardakı sərnişinlər təxliyə edilib. “Ulduz” və “Nərimanov” stansiyalarından da sərnişinlərin çıxarılması təşkil olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb və saat 15:00-da metronun fəaliyyəti tam bərpa edilib.
2024-cü ilin martında isə “Xocəsən”dən “Avtovağzal” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranmış, sərnişinlərin qatardan təxliyəsi zəruri olmuşdu. Bakı Metropoliteninin məlumatına görə, həmin təxliyə də problemsiz başa çatdırılmışdı.
Metro nasazlığı ən çox hansı ölkələrdə olur?
Nyu-York metrosunda 2024-cü ildə ayda orta hesabla 60 böyük insident və 32 mindən çox terminal gecikməsi qeydə alınıb. Bununla belə, 2025-ci ilin aprelində qatarların vaxtında işləmə göstəricisi 84,5 faizə yüksəlib və MTA bunu son illərin ən yaxşı nəticələrindən biri kimi təqdim edib.
Londonda da yaşlanan infrastruktur problem yaradır. “Central” xəttində 2023-cü ilin sonundan mühərrik nasazlıqları və digər köhnəlmə problemləri səbəbindən qatar çatışmazlığı yaranmış, 2024-cü ildə daha seyrək hərəkət cədvəli tətbiq edilmişdi. Təmir və bərpa işlərindən sonra 2025-ci ilin yanvarında əvvəlki iş günü qrafiki geri qaytarılıb. Paris metrosunda isə vəziyyət son dövrdə yaxşılaşıb: 2025-ci ildə pik saatlarda ümumi performans göstəricisi 96,4 faizə çatıb.
Yəni böyük şəhərlərdə metro nasazlığı təkcə “qatar xarab oldu” məsələsi deyil. Siqnal sistemi, elektrik təchizatı, rels, köhnəlmiş vaqonlar, sərnişin sıxlığı və hətta kənar müdaxilə bütün xəttin hərəkətinə təsir göstərə bilər.
Metroda qatarın dayanması xoşagəlməz hadisədir, ancaq dayanmış qatarın içində ilk məqsəd qatardan çıxmaq yox, təhlükəsiz qalmaqdır. Qapını özbaşına açmaq əvəzinə rəsmi göstərişi gözləmək, nəfəsi nəzarətdə saxlamaq və ətrafdakıları təşvişə sürükləməmək bəzən texniki nasazlığın özündən daha böyük təhlükənin – kütləvi panikanın qarşısını ala bilər./Lent.az/
