Bunu edənlər cərimə olunsun - TƏKLİF

Şəhər küçələrində avtomobillərdən yayılan yüksək səs-küy sürücülərin davranışı ilə bağlı yeni müzakirəni gündəmə gətirib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev avtomobillərdən yaranan səs-küyə qarşı İnzibati Xətalar Məcəlləsində ayrıca məsuliyyət müəyyən edilməsini təklif edib.

Referans Media Sfera.az-a istinadən  xəbər verir ki, ekspert bunun yalnız gecə saatlarında yaranan səs-küy problemi olmadığını bildirib. Onun sözlərinə görə, gün ərzində də avtomobillərdən yüksək səslə musiqi səsləndirilməsi və zərurət olmadan səs siqnalından istifadə edilməsi şəhər mühitində ciddi narahatlıq yaradır.

Rauf Ağamirzəyev hesab edir ki, İnzibati Xətalar Məcəlləsinə ayrıca müddəa əlavə edilməklə günün bütün saatlarında avtomobildən normadan artıq səslə musiqi səsləndirilməsi, həmçinin zərurət olmadan və ya lüzumsuz şəkildə səs siqnalından istifadə edilməsi inzibati xəta kimi müəyyənləşdirilməli və buna görə konkret cərimə tətbiq olunmalıdır. Ekspert gecə saatlarında isə mövcud qanunvericiliyin tələbləri ilə yanaşı, bu cür hallara nəzarətin daha sərt həyata keçirilməsini təklif edib.

Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edir.

Maddəyə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı - saat 00:00-dan 07:00-dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini və digər səs qurğularını gur səslə işlətmək, eləcə də məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmaq inzibati məsuliyyət yaradır.

Bu əməllərə görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə edilir. Rauf Ağamirzəyev isə hesab edir ki, avtomobillərdən gələn yüksək səsin qarşısının alınması üçün ayrıca və daha konkret hüquqi mexanizmə ehtiyac var.

“Səs siqnalı təhlükə barədə xəbərdarlıq etmək üçündür, əsəb və narazılıq ifadə etmək üçün deyil”, – ekspert vurğulayıb.

Onun fikrincə, məqsəd sürücüləri cəzalandırmaq yox, şəhərdə sağlam və komfortlu səs mühiti yaratmaq olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki