Əhaliyə sevindirici xəbər: Bayramlarda avtobus və metro pulsuz ola bilər!

Futbol qarşılaşması ilə əlaqədar ictimai nəqliyyatda sərnişinlər üçün xüsusi güzəşt kampaniyasının tətbiqi bayram günlərində də oxşar imkanların yaradılması məsələsini gündəmə gətirib. Yeni il və Novruz bayramlarında ictimai nəqliyyatdan ödənişsiz və ya güzəştli istifadə imkanının yaradılması, eləcə də məktəblilər, şəhid ailələrinin üzvləri və qazilər üçün daimi nəqliyyat güzəştlərinin tətbiqi müzakirə olunur. Bəs bu cür təşəbbüslər nə dərəcədə məqsədəuyğundur və onların həyata keçirilməsi üçün hansı mexanizmlərdən istifadə edilə bilər?

Referans Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ictimai nəqliyyatda endirim kampaniyalarının tətbiqi vətəndaşlar arasında böyük sevinc yaradır. Bununla belə, belə kampaniyaların həm müsbət, həm də mənfi tərəfləri var.

Ekspertin sözlərinə görə, əsas mənfi məqamlardan biri kampaniyaların müəyyən zaman kəsiyində tətbiq olunması və sərnişinlərin güzəştlərin hansı günlərdə qüvvədə olacağı, nə qədər davam edəcəyi barədə əvvəlcədən məlumatlı olmamasıdır. Buna görə də maarifləndirmə və məlumatlandırma işləri yüksək səviyyədə təşkil edilməlidir.

Aslan Əsədov qeyd edib ki, ictimai nəqliyyatdan istifadə edən həssas əhali qrupları üçün də gedişhaqqı güzəştlərinin tətbiqi nəzərdə tutula bilər. Bu istiqamətdə ünvanlı sosial yardım və digər dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi məsələsinə baxılması vacibdir.

Ekspert əlavə edib ki, vətəndaşlar belə güzəştləri haqlı olaraq gözləyirlər. Futbol qarşılaşması ilə əlaqədar tətbiq edilən endirim mexanizmi müəyyən müddət ərzində sınaqdan keçirilibsə, gələcəkdə də bu təcrübədən istifadə etmək və ya ödəniş sisteminə uyğunlaşdırmaq mümkündür.

Onun fikrincə, əsas məqsəd əhalinin bütün təbəqələri üçün ictimai nəqliyyatdan istifadənin rahat və əlçatan olmasını təmin etmək, tətbiq edilən güzəştlərin isə ümumi problemlərin həllinə müsbət təsir göstərməsinə nail olmaqdır.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki