Azərbaycanda minimum aylıq əməkhaqqının 400 manatdan 500 manata çatdırılması ilə bağlı müzakirələr davam edir. Belə bir artımın əhalinin sosial rifahına təsiri, eləcə də inflyasiya və əmək bazarında yarada biləcəyi dəyişikliklər maraq doğurur.
Referans Media-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqının 500 manata çatdırılması real görünmür. Onun sözlərinə görə, ən yaxşı halda bu məbləğ 440-450 manat səviyyəsinə yüksələ bilər.
İqtisadçı qeyd edib ki, minimum əməkhaqqının artırılmasının iqtisadiyyata ciddi təsirləri yoxdur:
“Azərbaycanda minimum əməkhaqqının 500 manata çatdırılacağını düşünmürəm. Bu, 25 faizlik artım deməkdir. Ən yaxşı halda 10 faiz artaraq 440-450 manat ola bilər. Bunun iqtisadiyyata çox böyük təsirləri yoxdur. Belə bir mif yaradılıb ki, minimum əməkhaqqının artırılmasının ciddi təsirləri var, amma əslində belə deyil.
Bunun iki istiqamətdə təsiri var. Birincisi, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı vermək qadağandır. İkincisi, işəgötürənlərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərinə müəyyən təsirləri olur.
Məsələn, Azərbaycanda minimum əməkhaqqı 450 manat olsa, Bakı şəhərində, xüsusilə Abşeron rayonunda 450 manata işləmək istəyən və bu məbləğə razılaşan insanların sayı çoxdurmu? Məncə, o qədər də çox deyil.
Ona görə də minimum əməkhaqqının artırılması yaxşıdır. Təbii ki, bu, müsbət göstərici ola bilər. Kaş ki, daha çox artırılsın. Amma biz ümumilikdə əhalinin gəlirlərinin artırılması haqqında daha çox danışmalı və bu istiqamətdə daha ciddi müzakirələr aparmalıyıq”.
Gülnaz Abdullazadə
