Ermənistanda müxalif siyasi qüvvələr Baş nazir Nikol Pashinyan hökumətinə qarşı fəaliyyətlərini əlaqələndirmək məqsədilə vahid cəbhə yaratdıqlarını elan ediblər.
Referans Media xəbər verir ki, bu barədə "Güclü Ermənistan" parlament fraksiyasının rəhbəri Narek Karapetyan müxalifət nümayəndələri ilə keçirilən görüşdən və birgə bəyanatın imzalanmasından sonra açıqlama verib.
Narek Karapetyanın səsləndirdiyi birgə bəyanatda bildirilib ki, ölkədə milli birliyin formalaşdırılması Ermənistan xalqı və dövlətçiliyinin üzləşdiyi ciddi çağırışlarla bağlıdır.
Sənədə əsasən, müxalifətin prioritetləri bunlardır:
- Paşinyanın irəli sürdüyü və müxalifətin "Əliyev konstitusiyası" adlandırdığı konstitusiya layihəsinə qarşı çıxmaq;
- ərazi güzəştləri və birtərəfli kompromislər olmadan sülhün təmin edilməsi;
- milli dəyərlərin və Erməni Apostol Kilsəsinin qorunması;
- demokratik hüquq və azadlıqların bərpası.
Karapetyan bildirib ki, təşəbbüsə qoşulan bütün siyasi qüvvələr ölkənin milli maraqları ətrafında birləşmək, ictimai həmrəyliyi gücləndirmək və mövcud problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.
O, digər siyasi təşkilatları da bu təşəbbüsə qoşulmağa çağıraraq qeyd edib ki, Ermənistan tarixində parçalanma dəfələrlə ağır nəticələrə səbəb olub.
Noyabrın 4-də keçirilən görüşdə ümumilikdə 12 siyasi təşkilatın nümayəndəsi iştirak edib.
Toplantıya keçmiş prezident Robert Koçaryanın "Ermənistan" alyansı, Erməni İnqilab Federasiyası, keçmiş prezident SerjSarkisyanın Respublika Partiyası, "Hayakve", Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi və digər müxalif qüvvələrin nümayəndələri qatılıblar.
Noyabrın 4-də Ermənistan İstintaq Komitəsinin əməkdaşları "Güclü Ermənistan" hərəkatının lideri Samvel Karapetyan və Narek Karapetyanla əlaqəli ünvanlarda axtarışlar aparıblar.
İstintaq Komitəsi iqtisadi cinayətlər və qaçaqmalçılıq işi üzrə ümumilikdə 65 ünvanda eyni vaxtda əməliyyat keçirildiyini açıqlayıb.
Məlumata görə, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə xüsusilə külli miqdarda maliyyə zərərinin vurulması və özəl sektorda səlahiyyətlərdən sui-istifadə işi üzrə Samvel Karapetyan da daxil olmaqla 36 nəfər saxlanılıb.
Daha sonra istintaq orqanı saxlanılanlardan doqquz nəfərin, o cümlədən Samvel Karapetyanın barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edib.
Noyabrın 5-də isə İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Samvel Karapetyan barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.
