Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin oktyabrında İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasından sonra Qəzza zolağında həyata keçirilən hərbi əməliyyatlar nəticəsində 1005 fələstinli həyatını itirib.
Referans MEDİA-nın xəbərinə görə, bölgədə demək olar ki, hər gün hava zərbələri, artilleriya atəşləri və İsrail ilə Fələstin nəzarətində olan əraziləri ayıran sərhəd boyunca silahlı insidentlər baş verir. Son günlərdə Qəzza şəhəri və mərkəzi bölgələrdə yerləşən şəhər və qaçqın düşərgələrinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində yeni ölənlərin qeydə alındığı qeyd olunub.
Çərşənbə günü Qəzzanın cənubundakı Xan Yunis şəhərində həyata keçirilən İsrail zərbəsi nəticəsində iki nəfərin öldüyü, altı nəfərin isə yaralandığı bildirilib. Məlumata görə, yaralılar Nasser Xəstəxanasına çatdırılıb.
İsrail ordusu hücumu təsdiqləyərək hədəfin "terrorçu" olduğunu açıqlasa da, əlavə təfərrüat verməyib. Xəstəxanada olan ailələrin sözlərinə görə, zərbə Əl-Məvasi çadır düşərgəsi yaxınlığında insanların toplandığı əraziyə endirilib. Həmin düşərgədə yüz minlərlə məcburi köçkün yaşayır.
İsrail tərəfi bildirib ki, Qəzzada HƏMAS və onunla əlaqəli silahlı qruplara qarşı əməliyyatları davam etdirir və bölgədə nəzarət etdiyi əraziləri genişləndirib. Həm İsrail, həm də HƏMAS bir-birini atəşkəsi pozmaqda ittiham edir.
İsrail ordusu ayrıca bəyanatında ötən həftəsonu keçirilən əməliyyatlarda HƏMAS və Fələstin İslami Cihad Hərəkatının iki silahlısının öldürüldüyünü açıqlayıb.
Qəzza Səhiyyə Nazirliyi isə bazar günü yaydığı məlumatda müharibə başlayandan bəri bölgədə ölənlərin sayının 73 mini keçdiyini bildirib. Nazirlik mülki şəxslərlə döyüşçülər arasında ayrıca statistika aparmır.
Müharibə 2023-cü il 7 oktyabr tarixində HƏMAS-ın rəhbərlik etdiyi silahlı qrupların İsrailin cənubuna hücum etməsi, təxminən 1200 nəfərin öldürülməsi və 251 nəfərin girov götürülməsi ilə başlamışdı. Bundan sonra İsrail rəhbərliyi HƏMAS-ı məhv etmək və girovları azad etmək məqsədilə Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara start vermişdi.
