Hazırda bir çox vətəndaş seçim qarşısındadır: Bakının kənar ərazilərində mənzil alaraq 20-25 il müddətində aylıq 700-800 manat ipoteka ödəmək, yoxsa şəhərin mərkəzinə yaxın ərazilərdə 600-700 manata kirayədə yaşamaq. Daşınmaz əmlak bazarında qiymət artımları, inflyasiya və kirayə haqlarının yüksəlməsi fonunda uzunmüddətli perspektivdə hansı variantın daha sərfəli olduğu müzakirə olunur.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, uzunmüddətli perspektivdə mənzilin ipoteka yolu ilə alınması daha sərfəli görünür.
Onun sözlərinə görə, ipoteka ilə alınan mənzil 20-25 ildən sonra vətəndaşın mülkiyyətinə keçir:
“Kirayəyə verilən məbləğ isə vətəndaşa geri qayıtmır. Bu baxımdan mülk sahibi olmaq baxımından ipoteka krediti ilə mənzil almaq daha sərfəli görünür”.
Ekspert qeyd edib ki, hazırda şəhərin mərkəzinə yaxın ərazilərdə 600-700 manata mənzil kirayələmək də əvvəlki qədər asan deyil:
“Kirayə qiymətləri günbəgün artır və kirayədə yaşayan şəxs sonradan həmin mənzil üzərində mülkiyyət hüququ əldə etmir. Bu səbəbdən ipoteka nəticəsində əldə olunan mənzil daha sərfəli hesab edilə bilər”.
Vüqar Oruc inflyasiya faktorunun da nəzərə alınmalı olduğunu vurğulayıb:
“Bu gün 700-800 manat ipoteka ödənişi edən vətəndaş 10-20 ildən sonra nominal olaraq eyni məbləği ödəsə də, inflyasiya səbəbindən həmin vəsaitin real dəyəri daha aşağı olacaq. Rəsmi statistikaya əsasən, hər il orta hesabla 3-5 faiz inflyasiya baş verərsə, gələcəkdə bu məbləğin alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalacaq. Bu isə ailə büdcəsinə düşən yükün nisbətən yüngülləşməsi deməkdir”.
Onun fikrincə, daşınmaz əmlak bazarında qiymətlər artdığı halda ipoteka ödənişlərinin sabit qalması da üstünlük yaradır:
“Bazarda baş verən qiymət dəyişiklikləri ipoteka ödənişlərinə təsir etmir. Vətəndaş kredit müqaviləsində müəyyən olunan məbləği ödəməyə davam edir”.
Bununla yanaşı, ekspert ipoteka kreditinin müəyyən risklər daşıdığını da qeyd edib:
“İpoteka öhdəliyinin yerinə yetirilməsi üçün vətəndaşın daimi iş yeri və sabit gəliri olmalıdır. Əgər gələcəkdə iş yerinin itirilməsi və ya gəlirlərin azalması kimi hallar baş verərsə, bu, ciddi problemlər yarada bilər”.
Vüqar Oruc bildirib ki, kirayədə yaşayan vətəndaş da hər ay müntəzəm ödəniş etmək məcburiyyətindədir:
“Mənzil sahibi kirayə haqqını vaxtında almaq istəyir. Bu baxımdan, başqa bir şəxsin mənzili üçün ödəniş etməkdənsə, həmin vəsaiti öz mənzilinə sahib olmaq üçün ödəmək daha məqsədəuyğundur”.
Ekspert əlavə edib ki, zaman keçdikcə mənzilin bazar dəyərinin artması da ipotekanın üstünlüklərindən biridir:
“Əvvəlki illərin statistikasına baxdıqda görürük ki, məsələn, 2005-ci illə müqayisədə mənzil qiymətlərində bir neçə dəfə artım baş verib. Bu gün ipoteka ilə mənzil alan şəxs 20 il sonra həm mənzil sahibi olacaq, həm də daha yüksək dəyərə malik əmlaka sahiblik edəcək. Bir çox hallarda əmlakın dəyəri ilkin qiymətdən 1,5-2 dəfə və ya daha çox arta bilər”.
Vüqar Orucun fikrincə, bütün amillər nəzərə alındıqda, ipoteka yolu ilə mənzil sahibi olmaq uzunmüddətli perspektivdə kirayədə yaşamaqdan daha üstün variant hesab oluna bilər.
Gülnaz Abdullazadə
