Fransa parlamenti dünyanın ən böyük texnologiya şirkətlərinə əlavə vergi tətbiq edilməsini nəzərdə tutan təşəbbüsü dəstəkləyib. Yeni qaydaya əsasən, rəqəmsal platformalar istifadəçilərə ötürdükləri hər giqabayt məlumat üçün ödəniş etməli olacaqlar.
Referans Media xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb.
Oktyabrın 30-da Fransa Milli Assambleyası sosialist deputat Loran Larditin təklif etdiyi vergi düzəlişini hökumətin etirazına baxmayaraq qəbul edib. Səsvermədə 11 deputat təşəbbüsün lehinə, 10 deputat isə əleyhinə səs verib.
Təklifə əsasən, rəqəmsal platformalar və məlumat ötürən digər şirkətlər fərdi istifadəçilərə göndərdikləri hər giqabayt məlumat üçün 5,5 avrosent vergi ödəməlidirlər.
Yeni verginin ilk növbədə Netflix, Google, Meta və Amazon kimi texnologiya nəhənglərinə təsir göstərəcəyi gözlənilir. Çünki Fransadakı internet trafikinin əhəmiyyətli hissəsi məhz bu şirkətlərin payına düşür.
Məlumat ötürülməsinin həcmi Orange, SFR, Bouygues Telecom və Free kimi internet provayderlərinin köməyi ilə müəyyənləşdiriləcək.
Sosialistlərin hesablamalarına görə, yeni vergi Fransa büdcəsinə ildə 10 milyard avroya qədər əlavə gəlir gətirə bilər.
Fransanın telekommunikasiya tənzimləyicisi Arcep-in məlumatlarına əsasən, ölkədə istifadəçilərə ötürülən məlumatların illik həcmi təxminən 200 milyard giqabayt təşkil edir.
Təşəbbüs müəllifləri hesab edirlər ki, bu vergi rəqəmsal iqtisadiyyatda maliyyə yükünün daha ədalətli bölüşdürülməsinə imkan yaradacaq. Eyni zamanda, şirkətləri məlumat ötürülməsini optimallaşdırmağa təşviq edəcək, məlumat mərkəzlərinin enerji istehlakını və ətraf mühitə mənfi təsirini azaldacaq.
Lakin Fransa hökuməti təşəbbüsə qarşı çıxıb.
Dövlət hesabları üzrə nazir David Amiel xəbərdarlıq edib ki, əlavə vergi yükü yalnız iri texnologiya şirkətlərinin deyil, kiçik kontent istehsalçılarının, o cümlədən Fransa şirkətlərinin də üzərinə düşə bilər.
Bundan başqa, Netflix, Google və digər platformalar yaranan əlavə xərcləri reklamçılara və biznes tərəfdaşlarına ötürə bilərlər.
Qeyd edək ki, düzəlişin Milli Assambleyada qəbul olunması hələ verginin qüvvəyə minməsi demək deyil.
Hökumət məsələnin təkrar səsverməyə çıxarılmasını tələb edə bilər. Bundan sonra təşəbbüs sağçı qüvvələrin üstünlük təşkil etdiyi Senatda da təsdiqlənməlidir.
Fransa hökuməti həmçinin Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edərək müəyyən şərtlərlə qanun layihəsini Milli Assambleyada yekun səsvermə olmadan qəbul etdirmək imkanına malikdir./Musavat.com/
