Azərbaycan Silahlı Qüvvələrinin Qaragöl ətrafındakı mövqelərində yeni mühəndis-istehkam işlərinin aparılması Ermənistan mediasında yenidən gündəmə gətirilib.
Referans Media xəbər verir ki, Ermənistan mediasında yayılan məlumata əsasən, 2024–2026-cı illərə aid peyk görüntülərinin müqayisəsi zamanı Azərbaycan Ordusunun mövqeləri ətrafında mühüm dəyişikliklərin baş verdiyi bildirilir.
Məlumata görə, ərazidə yeni torpaq yollar salınıb, mövcud yollar genişləndirilib, bəzi sahələr təmizlənib, hərbi mövqelər ətrafında mühəndis-istehkam işləri aparılıb və yeni tikililər meydana çıxıb.
Erməni tərəfi 1975-ci ilə aid SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrini ortaya ataraq, Azərbaycan Ordusunun bəzi mövqelərinin Ermənistan ərazisində yerləşdiyini irəli sürür.
Ermənistan mediası həmçinin bildirir ki, mövqelərin möhkəmləndirilməsi sərhədlərin delimitasiyası prosesinin başlanmasından və sülh sazişinin paraflanmasından sonra da davam edib.
Bundan əvvəl də Azərbaycan Ordusunun İstisu istiqamətində mövqelərini genişləndirdiyi və möhkəmləndirdiyi barədə Ermənistan mediasında məlumatlar yayılmışdı.
Bir daha xatırladırıq ki, bu gün erməni tərəfi əlinə gah 1975-ci ilin, gah da daha əvvəlki illərin sovet xəritələrini alaraq Azərbaycan Ordusunun mövqelərini mübahisələndirir. SSRİ xəritələrini ortaya qoyub sərhədlərdən danışanlar 30 ilə yaxın davam etmiş işğalı da unutmamalıdırlar.
Bir daha deyirik ki, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayanda bilməli idilər ki, bir gün Azərbaycan Ordusu gəlib öz torpaqlarını azad edəcək və onların başlarının üstünü kəsdirəcək. Ona görə də indi bu reallıqla hesablaşmalı, əsassız hay-küy salmaq əvəzinə yerlərində oturmalıdırlar.
Bu gün xəritə dərdinə düşənlər həmin 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğal olunmuş torpaqlarımızdan çıxmalı, şəhər və kəndlərimizi dağıtmamalı, torpaqlarımızı və sərvətlərimizi talan etməməli idilər.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bölgədə yeni reallıqlar yaradıb və hər kəs bu reallıqlarla hesablaşmalıdır.
Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Qaragöllə bağlı açıq şəkildə bəyan etmişdi: “Biz öz torpağımızdayıq. Qaragöl də, digər yerlər də bizimdir”. Dövlət başçısı Azərbaycanın lazım bildiyi mövqelərdə dayanacağını və mövqelərini möhkəmləndirəcəyini də vurğulamışdı.
Bir daha deyirik ki, indi Azərbaycan Ordusu harada dayanırsa, onun dayandığı yer bizim üçün sərhəddir. Azərbaycan Ordusunun mövqeləri ilə bağlı bu mövqe də həmin hərbi-siyasi reallığa əsaslanır./Musavat.com/
